Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bərdə terrorunun qurbanı: “Yardıma gedəndə bomba yanıma düşüb gözümü çıxardı”

Tarix :
Bərdə terrorunun qurbanı: “Yardıma gedəndə bomba yanıma düşüb gözümü çıxardı”

2020-ci il oktyabrın 28-də Ermənistan silahlı bölmələrinin Bərdə şəhərini bombalaması nəticəsində ciddi xəsarət alanlardan biri Məhərrəm Muradlıdır. Həmin vaxt 17 yaşı olan və Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin II kursunda oxuyan Məhərrəmin gələcəyə böyük ümidləri var idi. O heç gözləmirdi ki, döyüş meydanından bir neçə kilometr uzaqlıqda olan şəhəri bombalayarlar və ciddi yaralanar.
Məhərrəm Muradlı Bərdə terrorunda bir gözünü itirib, başından qəlpə yaraları alıb. Hadisə nəticəsində nitq qabiliyyəti pozulub və tez-tez qıcolmalar keçirir. Ona əlillik statusu verilib.
O, terror zamanı yaşadıqlarını AzVision.az-la bölüşüb:
“Günorta saatları idi. Qardaşım, mən və bibim oğlu I Qarabağ müharibəsində şəhid olan əmimin pensiyasını almağa getmişdik. Sonra qardaşım dedi ki, gedək ona şalvar alaq. Şalvar alıb şəhərdə bir az gəzdik. Söhbət edirdik. Biz mərkəzi küçədən aralıda idik. Bir də gördük ki, ermənilərin bombaları yağdı. O zamana qədər Bərdə şəhərinin iki ayrı yeri bombalanmışdı.
Kasetli bombalar düşdüyü hər yeri qan gölməçəsinə çevirirdi. Birinci qardaşım yaralandı. Sonra Gəncədən gələn FHN əməkdaşı. Ona yardıma gedəndə üçüncü bomba yanıma düşdü, gözümü çıxardı. Yara yeri isti olanda insan hiss etmir. Bombanın dalğasının gücündən qırağa atılmışdım. Ayağa duranda ətrafdakılar dedilər ki, üzün qandır. Mən isə heç nə hiss etmirdim. Deyirdim, məndə heç nə yoxdur. Əlimi üzümə vuranda hiss elədim ki, qan içindəyəm. Amma yaxşı ki, özümü itirmədim. Ətraf toz-dumana qarışmışdı, insanların çığırtılarını, qaçdıqlarını görürdüm. Bir bomba da yanımızda maşına düşmüşdü, içində iki nəfər yanmışdı.
Üstündən iki-üç dəqiqə keçmiş polislərimiz tez gəlib bizi xəstəxanaya apardılar. Atam yolda harada olduğumuzu soruşmaq üçün zəng edəndə dedim, xəstəxanaya gedirik, yaralanmışıq. Bizi əvvəl Yevlax rayonuna, sonra Gəncəyə apardılar. Səhəri gün isə artıq əməliyyat olundum və gözüm çıxarıldı”.
Məhərrəm deyir ki, Bərdənin həmin küçəsindən keçəndə hər dəfə yaşanan terroru xatırlayır:
“O gün yaddaşlardan heç zaman silinməz. Düşmənin alçaq hərəkəti nə qədər insanın həyatına son qoydu. Gəncə terrorlarını görmüşdük, amma düşünməzdik ki, ermənilər mülki əhalini yenidən hədəf alıb, Bərdəyə də kasetli bomba atarlar. Bizim mərd oğullarımız döyüş meydanında ermənilərə qan uddurur, qazandıqları qələbə ilə bizim qisasımızı alırdılar. Ermənilər Bərdəni vurmaqla döyüş meydanındakı məğlubiyyətlərin qisasını almağa çalışırdılar. Amma ermənilər istədiklərinə nail ola bilmədilər. Bərdəyə nə qədər atsalar da, insanlarımızın heç biri evlərini tərk etmədi.
Qardaşım və bibim oğlu terrorda yüngül yaralanmışdılar. Mən ən ağır zədə aldım. Danışığımda problem yaranıb və tez-tez qıcolma keçirirəm”.
Qeyd edək ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi ərazi iki ədəd “9N235” tipli sursatla təmin edilən kasetli raketlə vurulub. Terror nəticəsində beşi qadın olmaqla 21 nəfər həlak olub, səkkizi uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.