Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Mediada şouya deyil, daha çox analitik yazılara üstünlük verilməlidir…. - Reklam bazarı mediaya açıq olmalıdır…

Tarix :
Mediada şouya deyil, daha çox  analitik yazılara üstünlük verilməlidir…. -  Reklam bazarı mediaya açıq olmalıdır…



Müsahibim "Yeni Əkinçi" qəzetinin, "Yeniekinci.az", "Yeniekinci TV",  "Gündəlik Bakı" Qəzeti Redaksiyası MMC-nin, "Sabah News" Qəzeti Redaksiyası MMC-nin, "Sabahnews.az", "Bakı TV.az" media qurumlarının rəhbəri Habil Vəliyevdir... 

Habil müəllim, Azərbaycan mediasının keçdiyi 147 illik yolla bağlı nə deyərdiniz..?  
Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Müharibə veteranlarımızı Allah həmişə ucaltsın. Əlbəttə, Həsən bəy Zərdabidən də qabaq ölkəmizin problemləri ilə bağlı yazan şairlərimiz, yazıçılarımız çox olub. Amma biz də qəzetçiliyin, medianın əsasını Həsən bəy Zərdabi qoyub. Həm də nəyinsə əsasını qoymaq çox çətin məsələdir. Həsən bəy Zərdabi 1875-ci il iyunun 22-də Azərbaycan mətbuatının əsasını qoyub, çətinliklərə baxmayaraq bu missiyanı davam etdirib. Amma nəzərə almaq lazımdır ki, Həsən bəy Zərdabi həbs olunmayıb, polisə çağırılmayıb, cərimə olunmayıb, döyülməyib, söyülməyib və s. Bu günün də özünün hər cür çətinliyə sinə gərən Zərdabiləri var. Hər cürə təzyiqlərə baxmayaraq dövlətin, dövlətçiliyin, cənab Prezidentin yanında olan, onun siyasi kursunu dəstəkləyən media mənsublarımız var. Müstəqil Azərbaycan mətbuatı məhz belə şəxslərin hesabına ayaqda durur. 
Bu gün məhkəmələrin, məmurların qarşısında davam gətirmək elə də asan məsələ deyil... Həqiqi jurnalistlər aylarla məhkəmələrdə sürünürlər. Amma ibtidai təhsili olmayan, latın əlifbası ilə yaza bilməyən, məmur “krışası” altında olanlara isə hər yerdə yaşıl işıq yandırılır, onların qəzetlərinə az qala kütləvi abunə yazdırılır və daha nələr... Həmin şəxslərin qəzetlərində, saytlarında bir dənə analitik yazıya rast gəlməzsiniz. Mətbuatın üzərində olan əsas işlərindən biri də maarifçilikdir. 
Təəssüf ki, mediamızda bu sahədə də boşluqlar var. 
Bu gün bəzi media qurumlarının işi hansısa yazını sayta yerləşdirib, 30 dəqiqə sonra yerli-dibli silməkdir. Digər bir vacib məqam odur ki, media rəhbərləri arasında savadsız, nəinki ali məktəbi, hətta orta məktəbi güclə bitirənlər də var. Biz hazırda bu məsələləri araşdırırıq və özündən razı media kapitanlarının orta, ali məktəblərdəki “uğurları”nı mətbuatda işıqlandıracağıq. Kimin kim olduğu onda bilinəcək.
Biz bunun üçün rəsmi sorğular göndərmişik və nəticələr əlimizdədir. Biz bu məsələdə ilk olaraq özümüzdən başlamışıq. Mən özüm universitetin 2 fakültəsini və Ali Hərbi Akademiyanı bitirmişəm. Birinci özümüzdən başlayacam. Və şəxsən mən özümün orta məkrəbdə aldığım təhsildə şəhadətnamə qiymətlərimi, atestat qiymətlərimi və ali məktəbdə universitetin 2 fakultəsini və bir də Ali Hərbi Akademiyanı bitirməyimlə bağlı qiymətləri təqdim edəcəm. Bilmək lazımdır ki, orta məktəbi, universiteti güclə, kafi qiymətlə bitirən şəxsdən baş redaktor olmaz. Ondan ancaq xəbərçi-donosçu olar.  
Habil müəllim, Azərbaycan mediasının inkişafında Ulu Öndərimiz Heydər Əliyevin rolu barədə nə deyə bilərsiniz..?  
Allah Heydər Əliyevə rəhmət eləsin. Heydər Əliyev biz azərbaycanlılara müstəqil dövlət bağışladı. Mən bunu bir Qarabağ müharibəsi veteranı kimi, bir vətəndaş kimi, bir media rəhbəri olaraq deyirəm. Ulu Öndər Azərbaycan mediasındakı ən böyük problemi – SENZURANI aradan qaldırdı, mətbuatımızı azad etdi. Sonra Mətbuat və İnformasiya Nazirliyini ləğv elədi, yəni mətbuatı dövlətin asılılığından qurtardı. Media orqanlarının Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməsi asanlaşdı. Azərbaycan mətbuatının maddi -texniki bazasının güclənməsi üçün Azərbaycan Nəşriyyatına kifayət qədər dövlət vəsaiti ayrıldı. 
Təəssüf ki, həmin vəsaitin bir hissəsini bəzi məsul şəxslər mənimsədi. Bu məsələ araşdırılsa, xeyli şəxs həbs oluna bilər. Bəli, mediamız kustar üsulla, ploynka daşımaqla deyil, müasir üsulla fəaliyyət göstərməyə başladı.  
Bəs cənab Prezident İlham Əliyevin ölkə mediasına  qayğısı barədə nə deyərdiniz..?  
Onu da xüsusi olaraq  qeyd edək ki,  cənab Prezident İlham Əliyevin  müstəqil  mediamıza dəstəyi misilisiz olub. Və əbəs deyil ki, cənab İlham Əliyev  hər dəfə sorğularda Azərbaycan mediasının Dostu  seçilib. Cənab İlham Əliyev Azərbaycan mediasında KİV-ə dəstək Fondunun yaradılmasının təşəbbüskarı olub. Baxmayaraq ki, bu fond əvvəllər də var idi, amma o fonddan  başqa adamlar istifadə edirdi. Yəni ondan heç mətbuatın  xəbəri olmayıb. Orada Azərbaycan nəşriyyatında  hansı əməldən çıxırdılar bilirik.  Amma cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə KİV-ə dəstək Fondu yaradıldı və ora  Vüqar Səfərli  rəhbər təyin edildi. Düzdür, Vüqar Səfərli  bəzi işbazlarla, biznesmenlərlə əlaqəyə girərək dövlətin ayırdığı vəsaiti mənimsədi və hazırda həbsxanada layiq olduğu cəzanı çəkir. Amma bütün bunlara baxmayaraq Prezidentin təşəbbüsü ilə xeyli jurnalist  ev sahibi oldu, mənzillə təmin edildi.  Ancaq məsələ ciddi araşdırılsa, hələ də həbs olunmalı xeyli mətbuat-makleri var. 
Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Mətbuat Şurası yaradıldı. Məqsəd media mənsublarını məmur təzyiqlərindən qorumaq, məhkəməyə qədər media çəkişməsini Mətbuat Şurasında həll etmək idi. İnsaf naminə qeyd etməliyik ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov bu missiyanı yerinə yetirməyə çalışırdı, ancaq bəziləri buna imkan vermirdi. Bir məsələni bilmək lazımdır ki, jurnaslit azad olmalıdır ki, normal araşdırma yazısı yazsın, yəni basqı, təhdid altında jurnalist normal yazı yaza bilməz. 
Təəssüf ki, dövlətin KİV-ə ayırdığı pulları  Vüqar Səfərli və onun qulbeçələri mənimsədi, öz katibələrinə, sürücülərinə jurnalist adı altında mənzillər hədiyyə etdilər. 
Məlumat üçün onu da qeyd edək ki, Vüqar  Səfərlinin həbsindən öncə bəzi jurnalistlərdən pul yığmağa görə, kimlərsə həbs olunmuşdu. Düzdür, sonradan onları azadlığa buraxdılar. Çoxları bilmir ki, həmin pullar Vüqar Səfərliyə gedib çatırdı. Vüqar Səfərlinin oğlunun DGK-da işləməsi də üzərində çox dayanmaq istəmədiyimiz başqa bir məsələdir.  
  Habil müəllim, MEDİA Agentliyinin yaradılması ilə bağlı fikriniz  nədir ?  
Deməli, KİV-ə  dəstək FONDUNUN rəhbəri Vüqar Səfərli həbs olunandan, qurumdakı qanunsuzluqlar ortaya çıxandan, qurum iflasa uğrayandan sonra, yeni qurumun yaradılmasına zərurət yarandı. Və dövlət başçısının sərəncamı ilə yenə Media İnkişaf Agentliyi yaradıldı və bu Agentliyə Əhməd İsmayılov  rəhbər təyin olundu. Onu şəxsən və çox dərindən tanıyıram. Elə tanıyıram ki, onu bəzi adamlar o dərəcədə tanımır. 
Bu gün bəzi adamlar  qurum haqqında müsbət, bəziləri isə mənfi düşünür. Məncə, hər şeyi qaralamaq düzgün deyil. Biz  1992-ci ildən mətbuatda olsaq da rəsmi olaraq 1999-cu ildən fəaliyyət göstəririk. Bu müddət ərzində biz KİV-ə dəstək Fondundan heç  10 qəpik də görməmişik. Çünki  Vüqar Səfərli ilə  bizim aramızda böyük mübahisə var idi. Vüqar Səfərli idman zalında bir dəfə mənim yanımdan keçəndə nəsə mənə toxunub yıxılmışdı.  Ondan sonra  illərlə bizim layihələrimiz KİV-ə gedəndə  Vüqar deyirdi ki, bunlardan uzaq olmaq lazımdır. Məndən necə uzaq olmaq olar, axı. Mən Seçki komissiyasında sədr, özüm müharibə veteranı, müharibə veteranları birliyinin sədri, ictimaiyyət arasında nüfuzum milyon dəfə Vüqar Səfərlinin olmayan nüfuzundan artıq. Amma şükürlər olsun Allaha ki, bizim özümüzün qazetimizin satışından əldə etdiyimiz gəlir o qədər olurdu ki, biz özümüzü ən yüksək səviyyədə dolandıra bilirdik. Və bu gün  Vüqar Səfərlinin də aqibəti göz qabağındadı, bizim də. Bu gün bizim nəzarətimizdə xeyli sayda, Gündəlik- Bakı qəzeti, Yeni Əkinçi qəzeti, Sabahnews qəzeti, Nuh İnformasiya Agentliyi, Bakı.TV.az İnternet Televiziyası  kimi  media  qurumları var. Biz zamanında Ədliyyə Nazirliyinin rəsmi dövlət qeydiiyyatından keçmiş  rəsmi media qurumlarıyıq. 
Bütün bunlara baxmayaraq heç bir təklif almamışıq. Biz hansısa maşın qarajında yaradılan portal-zad deyilik. Bizim imzamız var, biz zaman-zaman Ramiz Mehdiyevlərin, Əli Həsənovların təzyiqi ilə üz-üzə qalmışıq. Ramiz Mehdiyev  kimi adını latın əlifbası ilə yaza bilməyənlər  mənə jurnalistika dərsi keçə bilməzlər. Necə ki, uzun illər keçə bilmədilər. Ramiz Mehdiyevlər  Azərbaycan mediasını məhv elədilər bugün  biz istəyirik ki, Azərbaycan mediası öz sözün desin. Biz həmişə öz sözümüzü demişik, indi də deyirik. Dövlətçiliyə, dövlətə, cənab Prezidentə sadiq insanlarıq. 
Bu gün ibtidai savadı olmayanlar informasiya agentliklərinə rəhbərlik edirlər, biz etika xatirinə ad çəkmək istəmirik. Amma istəyirik ki, Azərbaycanda  sağlam media mühiti olsun, insanlar sözlərini deməkdən çəkinməsinlər, həm də məsuliyyətli olsunlar. Mətbuat azadlığı  ağzına gələni yazmaq deyil, həm də məsuliyyətdir. Biz Media İnkişafı Agentliyindən çox şeylər gözləyirik. 
  Mətbuat Şurasının sonuncu qurultayı  barədə fikirlərinizi bilmək  maraqlı olardı...
Mətbuat Şurasının sonuncu  qurultayına  biz dəvətli olsaq da, üzrlü səbəbdən iştirak edə bilmədik, amma nümayəndəmiz orada olub. Uzun illər MŞ-nın sədri olan Əflatun Amaşov  dövlət qəzetinə rəhbər təyin olundu, bunu alqışlayırıq. Onunla müsbət münasibətlərimiz olub, düzdür zamanında müəyyən problemlər də yaşanıb. MŞ-nın yeni sədri Rəşad Məcid də uzun illərdir ki, mətbuat sahəsində çalışır, 525-ci qazetin rəhbəridir, yazıçıdır. Mən onu həmişə müsbət xarakterli insan kimi tanımışam, ümid edirəm ki, onun MŞ sədri kimi fəaliyyəti müsbət olacaq. Mənim yanaşmam belədir ki, media daha çox şouya deyil, analitik yazılara üstünlük versin, onun-bunun yazısını oğurlamaqla müstəqil medianı  inkişaf etdirmək olmaz. Həm də  saytların 5-10 manat alıb yazı silməsi  müstəqil mediamıza baş ucalığı gətirmir. Sözün qısası, ümid edirəm ki, Mətbuat Şurası həm də media ilə məhkəmə çəkişmələrində  sağlam mövqe  tutacaq.  
  Mediadan gözləntiləriniz nədir..?  
Hərdən deyirlər ki, Azərbaycanda yüzlərlə, bəlkə də minlərlə media qurumu var. Məncə, biz kəmiyyətdən çox keyfiyyətə  fikir verməliyik. İlk öncə media qurumlarında yüksək təhsil görmüş şəxslər çalışmalıdırlar. Gedib Rusiyada, yaxud Dağıstanda hansı yollasa diplom alanlar media rəhbəri ola bilməz. Bu gün bəzi media qurumları özünə yuxarıda “krışa”  axtarır, kimsə  sponsor gəzir və s. Bunlar yolverilməzdir. Bütün dünyada medianın  əsas gəliri reklam bazarıdır. Çox təəssüf  ki, Azərbaycanda media  reklamı kimlərinsə əlində inhisara alınıb. Və kimə istəyirlər ona verirlər, kimlərinsə üzünə qapalı olur. Ümid edirik ki, MEDİA Agentliyinin rəhbərliyi bu məsələdə də öz sözünü deyəcək. Biz media problemləri ilə bağlı istənilən polemikaya hazırıq, amma  normal dünyagörüşü, savadı olmayanlarla üz-üzə gəlmək istəmirik. 
Bizim əsas devizimiz budur ki, media dövlətçiliyə xidmət etməlidir, bəzi məmurlara yox. Media qurumları sağlam ictimai rəy yaratmalıdır, problemlərin üzə çıxarılmasında  hakimiyyətə kömək etməlidir. Prezidentimiz də MEDİA Agentliyini məhz bu məqsədlə yaradıb. Ümid edirəm ki, yaxın zamanda ölkə mediasında müsbət irəliləyişlərin şahidi olacağıq. Bunun üçün ilk növbədə hamımız DƏMİR YUMRUQ kimi birləşib Mətbuat Şurasına, MEDİA Agentliyinə dəstək olmalıyıq.
                                                                                      Günəş Vaqifqızı
                                                                                       Yeniekinçi.az