Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Metronun yeni tikilən stansiyasından – Fotolar

Tarix :
Metronun yeni tikilən stansiyasından – Fotolar

Cəlil Məmmədquluzadə küçəsində - Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxana arasındakı ərazidə yerləşəcək şərti adı “B-04” olan Bənövşəyi xəttin 4-cü yeraltı, ümumən 5-ci stansiyasında daha bir mərhələ üzrə inşaat işləri tamamlanıb.
Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, buna qədər xəttin “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları da eyni üsulla inşa olunub:
““B-04” stansiya kompleksinin ümumi uzunluğu 170 metrdir. Onun dərinliyi, ərazinin relyefindən asılı olaraq, 29-32 metr olmaqla dörd səviyyədə inşa edilir. Ən üst qatda - birinci səviyyədə kassa zalı və vestibül yerləşəcək. Sərnişinlər stansiyaya dörd girişdən qəbul olunacaq. Zalın ortasından ikinci səviyyəyə enmək üçün eniş pilləkəni və onun hər iki tərəfində üç eskalator üçün yer ayrılıb. Bir tərəfdə bir, digər tərəfdə iki eskalator quraşdırılacaq.
İkinci səviyyə keçid funksiyası daşıdığından keçid səviyyəsi adlanır. Bura platforma səviyyəsinə eniş üçün nəzərdə tutulub. Keçid adı bu səviyyəyə həm də oradan Sarı xəttə keçidin yaradılacağına görə verilib. Konseptual inkişaf sxeminə görə gələcəkdə inşası nəzərdə tutulmuş və Binəqədi qəsəbəsi ilə Bibiheybət qəsəbəsini birləşdirəcək Sarı xəttin şərti adı “S-06” stansiyasına keçmək buradan mümkün olacaq”.