Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Blinkenin telefon zəngi, AŞ PA-da erməni deputatların fəallaşması… – Millət vəkili paralellərə diqqət çəkir

Tarix :
Blinkenin telefon zəngi, AŞ PA-da erməni deputatların fəallaşması… – Millət vəkili paralellərə diqqət çəkir

AŞPA-nın qış sessiyası zamanı erməni deputat Ruben Rubinyan Laçın-Xankəndi yolundakı hadisələr mövzusu ilə bağlı yalan və qərəzli məlumatlar verməyə çalışıb. Amma Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək onun yalanlarını ifşa edib.
O, erməni deputatın verdiyi məlumatın tamamilə yalan olduğunu və gündəlikdən kənar olan məsələdən danışdığını diqqətə çatdırıb. S.Seyidov xatırladıb ki, 30 il Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altında qalmışdı: “Bu işğal nəticəsində bir milyon qaçqın və məcburi köçkünümüz oldu və onlar hələ də öz yurdlarına qayıda bilməyiblər. Keçmiş məcburi köçkünlər doğma yurdlarının erməni minalarından təmizlənməsini gözləyirlər. Bu yaxınlarda da bir neçə azərbaycanlı bu minaların qurbanı oldu”.
Bildirib ki, Qarabağda indi Avropa İttifaqının, eləcə də ABŞ-ın sanksiyaları altında olan rusiyalı oliqarx Vardanyan peyda olub: “Onlar bu Vardanyandan da qorxurlar. Bəli, çünki bu Vardanyan hakimiyyətə gəlmək istəyir, ancaq Qarabağda yox, Ermənistanda hakimiyyətə gəlir. Ona görə erməni deputatlar belə təlaşdadırlar”.
S.Seyidov erməni deputatlara beynəlxalq təşkilatları da cana doydurduqlarını xatırladıb: “Buradakı erməni həmkarlarımıza üz tutub deyirəm ki, əgər siz sülh istəyirsinizsə, millətinizin gələcəyini düşünürsünüzsə, beynəlxalq təşkilatlara yalvarmağa son qoyun. Bəsdir! Artıq hər kəs sizin yalvarışlardan cana doyub. Azərbaycanla birlikdə regionda davamlı sülh haqqında düşünün”.

Milli Məclisin deputatı Elman Nəsirov Globalinfo.az-a mövzunu şərh edərkən bildirib ki, yanvar ayının 19-da Avropa Parlamenti anti-Azərbaycan qətnamə qəbul etdi:
“Bu qətnamənin qəbulunun əsas səbəbi kimi guya Azərbaycanın Xankəndi-Laçın yolunu blokadaya alması məsələsi önə çəkildi. Yəni absurd, cəfəng bir iddia ilə Azərbaycan əleyhinə məlum sənəd qəbul edildi. Görünür, Avropa Parlamentinin bu qərarından ruhlanan AŞPA-dakı bəzi ermənipərəst deputatlar da eyni yolu tutmağa çalışacaqlar.
Xüsusilə də AŞPA-da Ermənistan nümayəndə heyəti məlum hadisədən görünür, bir qədər ruhlanıb. Və AŞPA-nın qış sessiyası başlar-başlamaz dərhal eyni məsələni dilə gətirdilər. Guya Azərbaycan 40 gündən artıqdır ki, Qarabağda yaşayan ermənilərə qarşı humanitar fəlakət törədir, onları tam blokada vəziyyətinə salıb və s. Tamamilə cəfəng bir iddiadır, heç bir əsası yoxdur və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri hörmətli Səməd Seyidov da bu erməni deputatın yaxşı cavabını verdi. Faktlara, arqumentlərə söykənməklə əsaslandırdı ki, burada heç bir blokadadan söhbət getmir. Niyə indiki şəraitə, yəni Azərbaycanın eko-fəallarının etirazına səbəb olan amildən danışmırsız. Niyə demirsiz ki, bizim orda təbii sərvətlərimiz talan edilir, ekoloji terror siyasəti həyata keçirilirdi və Azərbaycanın dövlət qurumlarının monitorinqinin aparılmasına imkan verilmədi. Bundan da danışın!”
Elman Nəsirov qeyd edib ki, görünür, həmin ermənipərəst dairələr bu məsələ ilə bağlı koordinasiya olunmuş şəkildə fəaliyyətə başlayıblar:
“ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidentinə telefon zəngində də bu məsələ qaldırılmışdı. Cənab İlham Əliyev isə çox tutarlı arqumentlərə əsaslanaraq söyləmişdi ki, hansı blokadadan söhbət gedə bilər ki, bu müddət ərzində Rusiya sülhməramlılarına məxsus, eyni zamanda Beynəlxalq Qızıl Xaç təşkilatının 980 avtomobili həmin yol boyunca yükdaşınmasını həyata keçirib. Heç bir blokada yoxdur, ola da bilməz. Yalnız bir blokada var, o da ermənilər Qarabağa mina, silah-sursat daşıya bilmirlər, buna blok qoyulub. Terrorçular daha Qarabağ ərazisinə keçə bilmirlər, bunun da qarşısı alınıb”.

Millət vəkili hesab edir ki, Ermənistan tərəfinin bu növbəti hay-küy kampaniyasının heç bir nəticəsi olmayacaq, çünki Azərbaycanın işi haqq işidir:
“Azərbaycan eko-fəalları istənilən an etiraz aksiyasını dayandıra bilərlər, təki bu aksiyanın başlanma səbəbi aradan qalxsın. Ancaq təəssüf ki, bu gün koordinasiya olunmuş şəkildə dünya erməniliyi və onun əlində oyuncaq olan deputatlar xorla oxuyurlar ki, Azərbaycan guya blokada siyasətini həyata keçirir. 30 il ərzində Azərbaycanın torpaqları işğal altında idi. Orda hər şey məhv edilmişdi və total blokada siyasəti o zaman həyata keçirilmişdi ki, heç ondan danışan yox idi. Fikir verirsiniz, nə qədər ədalətsiz, haqsız dünyadır. Bütün bunları gördükdən sonra tam əmin olursan ki, bu gün əsas faktor gücdür. Güclüsənsə, haqlısan. Qarşı tərəf ədalətsizliyi əlində bayraq edib Azərbaycanla təzyiq və təhdid dilində danışmaq istəyir. Bunların heç bir nəticəsi olmayacaq, çünki bizim işimiz haqq işidir”.