Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Biz üzərimizə götürdüyümüz öhdəlikləri ləyaqətlə yerinə yetiririk" - Elman Nəsirov

Tarix :
"Biz üzərimizə götürdüyümüz öhdəlikləri ləyaqətlə yerinə yetiririk" - Elman Nəsirov

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvar ayının 18-də Davosda Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüş keçirib. Bu görüş çərçivəsində tərəflər ilk növbədə ikitərəfli münasibətlərin bugünkü vəziyyəti, eyni zamanda regionda təhlükəsizlik məsələləri, bu kontekstdə Ermənistan- Azərbaycan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması istiqamətində gedən proseslər haqqında fikir mübadiləsi aparıblar. Azərbaycan dövlətinin başçısı bildirib ki, Ermənistan bu günləri Laçın-Xankəndi yolunda baş verən proseslərdən manipulyasiya elementi kimi istifadə edir, beynəlxalq ictimai fikri çaşdırmaq istəyir. Guya ki, Azərbaycan tərəfi Xankəndidə yaşayan erməniləri blokadaya alıb. Bunlar hamısı yalandan və iftiradan başqa bir şey deyil”.
Bu barədə Milli Məclisin deputatı Elman Nəsirov bildirdi. Onun sözlərinə görə, Azərbaycanın ekofəallarının Laçın-Xankəndi yolunda atdığı hər addımın səbəbləri var.
“Ermənilər Azərbaycan ərazilərində - Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında ekoloji terror siyasəti həyata keçirir və bizim təbii sərvətlərimiz talan edilib. Buna etiraz olaraq müvafiq addımlar atılıb və burada heç bir halda blokadadan söhbət getmir. Əslində, mülki şəxslərin və mülki yüklərin daşınmasında heç bir problem yoxdur və Beynəlxalq Qızıl Xaç Təşkilatının xətti ilə bütün humanitar yüklər ərazidən keçirilir. Bəli, burada erməni tərəfini narahat edən əsas məqam onunla bağlıdır ki, bu yoldan daha terrorçuları keçirmək mümkün deyil, silah-sursat keçirilməsinin qarşısı alınıb. Prezident onu da vurğuladı ki, 10 noyabr sənədi imzalandıqdan sonra Ermənistanın Xankəndi ərazisinə məhz Laçın dəhlizindən istifadə etməklə daşıdığı minalar əsasında üç yüzdən çox soydaşımız bu mina müharibəsinin və mina terrorunun qurbanı olub”.
Elman Nəsirov qeyd etdi ki, Ermənistan bu gün faktiki olaraq regionda sülh və təhlükəsizliyin formalaşması üçün heç bir addım atmır.
“Amma Azərbaycanı hərbi təcavüzdə, blokada siyasətində ittiham edir. Amma bunların hamısı əsassızdır və Azərbaycanın işi haqq işidir. Bizim prinsipial mövqeyimiz var. Biz Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıyıq. Avropanın enerji təhlükəsizliyində biz üzərimizə götürdüyümüz öhdəlikləri ləyaqətlə yerinə yetiririk, eynisini Ermənistanla bağlı söyləmək olmaz. Ermənistan bu gün də atdığı addımlarla iki dövlət arasında olduqca vacib gözlənilən sülh müqaviləsinin imzalanmasını pozur və bu məqsədlə beynəlxalq təşkilatların imkanlarından da istifadə edir. Ona görə də həqiqəti bilmək lazımdır və cənab Prezident də məhz bu məntiqə söykənərək litvalı həmkarına regionda baş verən son hadisələr və Laçın dəhlizində yaşanan son proseslər haqqında obyektiv mövqe bildirib”, - deyə deputat vurğuladı.