Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Heydər Əliyevin azərbaycançılıq ideologiyası

Tarix :
Heydər Əliyevin azərbaycançılıq ideologiyası

Ötən il Prezident İlham Əliyevin fərmanı ilə 2023-cü ilin “Heydər Əliyev ili” olmasıyla bağlı qərar qəbul edildi. Belə ki, cari il ərzində Heydər Əliyev irsinin öyrənilməsi, onun ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkədə baş verən hərc-mərcliyin aradan qaldırılması və onun sayəsində azərbaycançılıq idealogiyasının necə geniş vüsət almasıyla bağlı bir çox tədbirlərin keçirilməsi də gözlənilir.
Sözsüz ki, azərbaycançılıq idealogiyası deyiləndə bu termin Heydər Əliyevin adı ilə hallanır. Ona görə ki, onun sayəsində 90-cı illərdəki siyasi mühit bir xeyli dəyişmiş, ölkədə sakitlik hökm sürmüş, millətin bərabərliyi üçün bir neçə addımlar atılmışdı.
Mövzu ilə bağlı Yenisabah.az-ala fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Nəsirov da xatırladıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan edilib:
“Bu il çərçivəsində ölkəmizdə çoxsaylı tədbirlər keçiriləcək. Eləcə də ölkə xaricində də bu qəbildən geniş tədbirlərin keçirilməsi planlaşdırılır. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin və xalqının qarşısındakı misilsiz fəaliyyətini bir sözlə ifadə etmək lazım gəlsəydi, mənə elə gəlir ki, xilaskar sözü ən düzgünü olardı. Çünki o, dövlətimizi və dövlətçiliyimizi çox böyük bəlalardan hifz etdi, qorudu, ən başlıcası isə Azərbaycanda vətəndaş müharibəsinə son qoydu”.
Millət vəkili hesab edir ki, nə qədər ki Azərbaycan xalqı var, hər zaman Heydər Əliyev ideyaları yaşayacaq:

“O cümlədən xalqımız Ulu Öndərə bu misilsiz xidmətlərinə görə, qəlbində əbədi heykəl qoyub və qoyacaq. Xalqımız həm də ona görə Heydər Əliyevə minnətdardır ki, o, bir ideologiya formalaşdırdı ki, onun da adı azərbaycançılıq ideologiyası idi. Azərbaycançılıq ideologiyası əvvəlki illərdə də olub. Ancaq Heydər Əliyev bu ideoloji xətti bir dövlət təliminə çevirdi. Nəticədə təkcə azərbaycançılıq ideologiyası dövlətimizi daxildən parçalamaq, nifaq salmaq, millətlər və konfessiyalar arasında ziddiyyətlər yaratmaq və bu kontekstdə öz çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələrin qarşısına sədd çəkdi”
E. Nəsirovun qənaətinə görə, Ulu Öndər Heydər Əliyev və azərbaycançılıq ideologiyası deyəndə onun üçün əsas bu idi ki, biz bir millət olaraq azərbaycanlıyıq, dilimiz Azərbaycan dilidir və biz öz milli-mənəvi dəyərlərimizi qorumalı, ona sahib dayanmalı və ona qarşı olan təhdidlərin qarşısını almalıyıq:
“Bununla yanaşı, biz ümumbəşəri dəyərlərə də hörmətlə yanaşmalıyıq. Fikir verirsinizsə, vətənpərvərlik, milli kimliyin müəyyən edilməsi, dilin əsas rolu, milli-mənəvi dəyərlərin önə çıxarılması – bütün bunların hamısı kompleks şəkildə azərbaycançılıq ideologiyasının sütunlarını təşkil etdi, bizi birləşdirdi. Çünki azərbaycançılıq birləşdirici faktdır”.
Müsahibimiz xatırladıb ki, Ulu Öndər Heydər Əliyev bu istiqamətdə diasporların üzərinə düşən fəaliyyəti də yüksək qiymətləndirdi və buna görə də 2001-ci ildə ölkəmizdə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi:
“Bu qurultayın keçirilməsi bu baxımdan təsadüfi deyildi. Məlum qurultayı keçirməklə Ulu Öndər Heydər Əliyev dünyada yaşayan azərbaycanlıların milli ideologiya ətrafında birləşməsi və yaşadığı ölkələrdə siyasi amilə çevrilməsi kimi hədəflər müəyyən etdi. Onun özü də hər zaman fəxrlə və qürurla söyləyirdi ki, “mən fəxr edirəm ki, mən azərbaycanlıyam!””.
“Yəni biz “azərbaycanlı” ifadəsini səsləndirəndə artıq bütövləşib, birləşirik. Bir olanda isə güclü oluruq. Ona görə də hesab edirəm ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu müddətdəki o müstəsna xidmətləri çərçivəsində azərbaycançılıq ideologiyasının dövlət təlimi səviyyəsinə qaldırmasının xüsusi yeri və çəkisi var idi”, – yekunlaşdırıb.
Milli Məclisin digər bir deputatı Musa Qasımlı isə söyləyib ki, Ulu Öndər Heydər Əliyev azərbaycançılığı sistem halına salan, həm Azərbaycan Respublikası vətəndaşları, həm də coğrafi siyasi sərhədlərimizdən kənarda yaşayan soydaşlarımız üçün vahid ideologiyaya çevirən dünya şöhrətli, görkəmli dövlət adamımızdır:
“1993-cü ilin iyununda Azərbaycan ümumi böhrana düşüb müstəqil dövlətçiliyini itirmək, xaricdən dəstəklənən separatçılıqla bölünmək təhlükəsi qarşısında qalanda xalqın tələbi və Konstitusiyaya uyğun olaraq ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev azərbaycançılığın bütün cəmiyyətə hakim olmasından ötrü təbii vasitələrdən istifadə etdi”.

M. Qasımlı xatırladıb ki, 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi və orada bütün vətəndaşların bərabərliyi bir daha təsbit edildi:
“Sonrakı illərdə Konstitusiya referendumu keçirilərkən şəxsiyyət vəsiqələrində milli mənsubiyyət çıxarıldı və vətəndaşlıq önə keçirildi. Hamı Azərbaycan Respublikasının vətəndaşı kimi yazıldı. Bu, böyük bir tarixi xidmət idi. Azərbaycançılıq tək dövlət, tək qüdrətli millət, tək Vətən və tək bayraq deməkdir. Azərbaycançılıq bütün Azərbaycan vətəndaşlarının, hamının bərabərliyi və birliyi deməkdir”.
“Heydər Əliyev daim deyirdi ki, “mən fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Azərbaycanlı ifadəsi bu gün ölkəmizdə yaşayan 10 milyondan çox vətəndaşın və xaricdə yaşayan 10 milyonlarla azərbaycanlını tək bayraq, tək dövlət, tək Vətən, tək torpaq altında birləşdirən bir ideologiyadır. Bu ideologiyada hamı bərabərdir, eynidir. Azərbaycançılıq güclü dövlət, qüdrətli millət deməkdir. Azərbaycançılıq ideologiyasının cəmiyyətimizə, dövlətimizə və bütün azərbaycanlılara verdiyi mühüm töfhələrdən biri 44 günlük müharibədə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında işğalçı Ermənistanın əzilməsi, qələbə qazanılması və ərazi bütövlüyümüzün təmin edilməsi oldu”, – vurğulayıb.
Onun sözlərinə görə, Vətən müharibəsində Naxçıvandan Ağstafaya, Qusardan Astaraya qədər ölkəmizin bütün kənd, qəsəbə və şəhərlərində yaşayan vətəndaşlarımız böyük şövqlə işğalçıya qarşı müharibəyə getdi:
“Onların çoxu heç Qarabağı, işğal olunmuş əraziləri görməmişdi. Azərbaycan millətinin gələcək inkişafının təməllərindən biri məhz Ulu Öndər Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyasıdır. Dövlətimizin daim güclü olmasını istəyən hər bir şəxs məhz azərbaycançılıq ideologiyasına əsaslanacaq”.