Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Fransanın Milli Assambleyasının spikeri Azərbaycanla bağlı müsahibə verib - DETALLAR

Tarix :
Fransanın Milli Assambleyasının spikeri Azərbaycanla bağlı müsahibə verib - DETALLAR

Fransanın Milli Assambleyasının spikeri Yael Bron-Pivet Ermənistana səfəri zamanı Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı Ermənistanın yerli medialardan birinə müsahibə verib. 

Spiker müsahibəsində bildirib ki,  Fransanın məqsədi Cənubi Qafqazda sülhün bərqərar olması prosesinin maraqları naminə hərəkət etmək, beynəlxalq ictimaiyyəti Ermənistanın ərazi bütövlüyünə hörmət, habelə Ermənistanın müdafiəsini ehtiva edən sülh yolu ilə nizamlanma maraqları naminə birləşdirməkdir. 

Pivet müsahibəsində həmçinin Laçın dəhlizinin açılması, Azərbaycanda saxlanılan erməni əsirlərin azad olunmasından da danışıb. 

"Mən bura parlament nümayəndə heyəti ilə ötən ilin noyabrında qəbul etdiyimiz qətnamədən(Azərbaycana qarşı qəbul olunan qətnamə) sonra Ermənistan və Ermənistan xalqı ilə həmrəyliyimizi və qardaşlığımızı bir daha təsdiq etmək üçün gəlmişəm. Fransa Laçın dəhlizinin bağlanmasını, eləcə də Ermənistanın ərazi bütövlüyünün pozulmasını qəti şəkildə pisləyib. Fransa prezidenti Emmanuel Makron iki dəfə BMT Təhlükəsizlik Şurasının sessiyası çərçivəsində Ermənistandakı vəziyyətin müzakirəsi təşəbbüsü ilə çıxış edib. Ötən ilin oktyabrında onun təşəbbüsü ilə Praqada dördtərəfli görüş keçirilib və nəticədə müəyyən razılıq əldə olunub. Başqa sözlə, Fransanın səyləri təkcə bəyan etdiyimiz həmrəyliklə deyil, həm də regionda sülhün bərpasına yönəlmiş ən yüksək beynəlxalq səviyyədə çox konkret hərəkətlərlə məhdudlaşır. Oktyabrın 6-da Praqada keçirilən bu görüşün nəticələrindən biri də gərginliyin azaldılmasına səbəb olan Ermənistanla sərhəddə Aİ monitorinq qrupunun yerləşdirilməsidir. Hesab edirəm ki, Avropa İttifaqı ilə bu istiqamətdə səylər davam etdirilməlidir” – Fransa Milli Assambleyasının sədri deyib. 

Sədr Azərbaycan prezidenti İlham Əliyevin Fransaya qarşı səsləndirdiyi iradları anlamadığını vurğulayaraq bildirib ki, Fransa hər zaman Cənubi Qafqazda sülhün tərəfdarı olub. 

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirli Yael Bron-Pivetin müsahibəsində Azərbaycana qarşı açıq şəkidə qərəz, Ermənistana qarşı isə dəstək göstərdiyini deyir.

"Müsahibədə spikerin ermənipərəst mövqeyi açıq şəkildə  görünür. Yael Bron-Pivet Fransanın sülh prosesinə maraqlı olduğunu deyir və bildirir ki,  Fransa üçün əsas məsələ Ermənistanın ərazi bütövlüyünə hörmət məsələsidir. Cənubi Qafqazda sülhdən, təhlükəsizlikdən danışır, amma Azərbaycanın ərazi bütövlüyünü dilinə gətirmir. Çıxışının xeyli hissəsinin Laçın dəhlizinin açılması məsələsinə həsr edib. Laçın dəhlizi məgər bağlıdır ki? Xeyr. Laçın dəhlizində keçirilən aksiyanın səbəbi var. Səbəbləri də onlara aydındır, amma bu barədə bir kəlmə də danışılmır” – deputat söyləyib.

Milli Məclisin deputatı Fransa Milli Assambleyasının spikerinin "Azərbaycan prezidentinin Fransa haqda tənqidlərini başa düşmürük” açıqlamasına cavab olaraq deyib ki, İlham Əliyevin tənqidləri Fransanın "anti-Azərbaycan çıxışlarına” haqlı cavabıdır. 

Siyasi məsələlər üzrə siyasi şərhçi Azər Qasımlı Fransanın Azərbaycana qarşı qərəzli yanaşmasının səbəbini Azərbaycanın xarici siyasətinin uğurlu olmaması ilə əlaqələndirir. 

"44 günlük müharibədən sonra Azərbaycanın xarici siyasətində ciddi yanlışlıqlar olub. Elə siyasət aparmaq lazım idi ki, düşmənləri neytrallaşdıra bilsin, dost olmayanları dost etsin. Təəssüf ki, Azərbaycanın xarici siyasəti bu istiqamətdə olmayıb. Hazırda bizim nəəzarətimizdə olmayan ərazi Rusiya nəzarətindədir. Fransanın yox. Siyasəti elə aparmaq lazım idi ki, biz ermənilərlə sülh sazişi imzalaya bilək. Dünya ictimaiətinə elə mesajlar verməli idik ki, bizi sülhpərvər, insan hüquq və azadlıqlarına hörmət edən, bu bölgənin gələcəyini və sülhünü təmin edən ölkə kimi tanısın. Ancaq bizim siyasət "Makron kimdir?”  açıqlamaları istiqamətinə yönəldi. Nəticədə Fransa əlehimizə qətnamə qəbul etdi. Hər bir ölkə öz maraqlaır üçün çalışır. Azərbaycan müharibədən öncə də anlamalı idi ki, Fransada çoxlu erməni yaşayır və Azərbaycana qarşı belə bir münasibət ola bilər” – şərhçi əlavə edib. 
 
2022-ci il oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın dördtərəfli formatda görüşü keçirilib. Görüşdən sonra Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində tərəflərin hər dəfə sülhə daha da yaxınlaşdığını bildirib.

"Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq. Mən Şarl Mişelin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm. Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib və hər dəfə biz sülhə daha da yaxınlaşırıq," o qeyd edib.

Dördtərəfli görüşün Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edildiyini qeyd edən Azərbaycan Prezidenti deyib ki, görüş zamanı önəmli məsələlər müzakirə edilib.
 
Fransa Prezidenti Emmanuel Makron Twitter hesabında görüş barədə foto paylaşaraq "Qafqazda davamlı sülh üçün” sözlərini yazıb.
 
2022-ci ilin oktyabrında Makron "France-2" telekanalına müsahibə verərək  deyib ki, "Ermənistan Qarabağda olub, çünki ora bu ölkənin ürəyindədir", "Azərbaycan dəhşətli müharibə başladıb” və Qarabağı "işğal edib". 
 
Ötən ilin noyabrın 30-da Fransa senatı Azərbaycan əlehinə qətnamə qəbul edib. Milli Məclis noyabrın 30-da Azərbaycana qarşı qərəzli qətnamə qəbul edən Fransa senatının qətnaməsini rədd edib. Bu qətnaməni qərəzli mövqe kimi qəbul edib.
 
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibəsi zamanı Fransanın qərəzli münasibətlərini şərh edib. Onun sözlərinə görə indiki Fransa hakimiyyətində Azərbaycanın qələbəsini həzm edə bilməyənlər olub. 
 
Mövcud vəziyyət indiki Fransa hökumətinin əməlidir. Mən ümid edirəm, Fransada gələcəkdə elə bir hökumət formalaşacaq ki, Azərbaycanla olan əlaqələri qiymətləndirəcək. Çünki biz həmişə öz siyasətimizdə ancaq dostluq niyyəti ilə onlarla əməkdaşlıq etmişik. İndi isə vəziyyət tam fərqlidir. Mən bu yaxınlarda qapalı bir görüşdə demişəm ki, Fransa bizsiz yaşaya bilər, biz də Fransasız yaşaya bilərik, heç onlar da hiss etməzlər, biz də hiss etmərik. Amma budur yol, bu, onların seçimidir və biz yenə də onlara qarşı heç nə etməmişik. Sadəcə olaraq, müharibə dövründə cavab vermişik. Mən indi müharibə dövründə olan yüksək səviyyəli təmaslar haqqında bir şey demək istəmirəm, bu, qapalı söhbətlər əsnasında olub. Amma müharibə dövründə, necə deyərlər, çox gərgin münasibətlərimiz olub. Müharibə dövründə Fransa bizi açıq-aydın ittiham edirdi, bizə şər atırdı, böhtan atırdı. İndi mən onlardan üzrxahlıq tələb edirəm. Onlar bizi şərləmişdilər, demişdilər ki, guya biz cihadçılar gətirmişik. Bir dənə də sübut yoxdur. Üzr istəyiblərmi bizdən? Yox." - prezident söyləyib.
 
Əliyevin sözlərinə görə Fransaya lazım olan məqamlarda cavablar verilib. Onların Senatı, Milli Assambleyası anti-Azərbaycan qətnamələr qəbul edibsə, Azərbaycanın da Milli Məclisi cavab olaraq bəyanat qəbul edib.