Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Soledarda şiddətli döyüşlər gedir - Şəhər təslim olmağa hazırlaşır?

Tarix :
Soledarda şiddətli döyüşlər gedir - Şəhər təslim olmağa hazırlaşır?

Ukrayna müdafiə nazirinin müavini Anna Molyar yanvarın 9-da Donetsk vilayətinin Baxmut rayonunun Soledar şəhərindəki vəziyyət barədə məlumat verib. O bildirib ki, Rusiya ordusu Soledarı ələ keçirmək üçün etdiyi uğursuz cəhddən sonra yenidən qruplaşıb, itkilərini bərpa edib, taktikasını dəyişərək əlavə hücum bölmələrini köçürüb və güclü hücuma keçib:
“Düşmən “Vaqner”lərin ən yaxşı ehtiyatlarından yaradılmış çoxlu sayda hücum qrupları yerləşdirib. Onlar sözün əsl mənasında öz əsgərlərinin cəsədləri üzərində addımlayır, kütləvi şəkildə artilleriyadan, yaylım atəş sistemlərindən və minaatanlardan istifadə edir, hətta öz əsgərlərini də atəşə tutur”.
A.Molyar ötən gün isə Soledar uğrunda şiddətli döyüşlərin davam etdiyini deyib. O məlumat verib ki, Rusiya şəxsi heyətinin böyük itkisinə əhəmiyyət vermir və fəal şəkildə hücuma davam edir.
Soledar şəhərində Ukrayna və Rusiya silahlı qüvvələrinin qarşıdurması hələ də davam edir.
Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko ötən gün bildirib ki, rus ordusu Soledarı, demək olar ki, tamamilə məhv edib:
“Ən qaynar nöqtə məhz Soledardır, onun infrastrukturu praktiki olaraq məhv edilib. Lazım gələrsə, əlavə qüvvələr cəlb ediləcək. Düşmən öz səylərini çox əhəmiyyətli dərəcədə Soledar şəhərinə cəmləşdirib. Ən şiddətli döyüşlər davam edir”.
Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin 320-ci gününün yekunları ilə bağlı videomüraciətində Donetsk və Luqansk vilayətlərindəki vəziyyəti cəbhədə “ən qaynar” adlandırıb:
“Bu, olduqca çətindir, demək olar ki, bütöv divarlar qalmayıb. Orada, Soledarda əsgərlərimizin dəyanəti sayəsində biz Ukrayna üçün əlavə vaxt və əlavə qüvvələr qazandıq. Hər şey tamamilə dağılıb, demək olar ki, həyat qalmayıb. Onların minlərlə əsgəri itkin düşüb: Soledar yaxınlığındakı bütün torpaq işğalçıların cəsədləri ilə doludur”.
BBC yazıb ki, Ukrayna rəsmilərinin bəyanatları Soledarın təslim olmasına hazırlıq kimi görünür:
“Ötən ilin yaz və yayında şəhər və ya kənd infrastrukturunun tamamilə dağıdılması ilə bağlı oxşar xəbərlər adətən Ukrayna komandanlığının geri çəkilmək qərarından əvvəl verilirdi”.
Rusiyalı iş adamı, oliqarx, Rusiya Prezidenti Vladimir Putinin dostlarından biri hesab olunan Yevgeni Priqojin bildirib ki, Soledarın bütün ərazisi “Vaqner” bölmələrinin nəzarəti altındadır.

Bundan əlavə qondarma Donetsk Xalq Respublikasının rəhbəri vəzifəsini icra edən Denis Puşilin də bildirib ki, Soledar Rusiya qüvvələrinin nəzarəti altındadır.
Şəhərdən ən son məlumatları çatdıran Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviçin sözlərinə görə, Soledar hazırda yarımmühasirəyə alınıb, Ukrayna Silahlı Qüvvələri şəhərin qərbini və şimalını tutur:
“Cənubdan Soledara gedən yol işğalçıların atəşi altındadır. Yanvarın 12-15-i qanadlı raketlərlə və PUA ilə yeni atışmalar gözləyirik”.