Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ekzotik meyvələr necə yeyilməlidir? - Dietoloq məsləhətləri

Tarix :
Ekzotik meyvələr necə yeyilməlidir? - Dietoloq məsləhətləri

Bakı mağazlarında hər mövsümdə müxtəlif ekzotik meyvələri tapmaq olur. Bu meyvələrin müxtəlif faydalı xüsusiyyətləri, həmçinin, əks-göstərişləri olduğu deyilir.
Mövzu ilə bağlı danışan həkim-dietoloq Nərgiz Nəzirova qeyd edib ki,  bu meyvələrin əksər hissəsi müxtəlif allergik reaksiyalara səbəb ola bilər.
Buna görə də ilk dəfə hər hansı ekzotik meyvə qəbul etdikdə ehtiyatlı olmaq və meyvənin kiçik tikəsi ilə kifayətlənmək lazımdır: 
“Meyvələr vitamin və minerallarla zəngindirlər. Bu isə insan orqanizminin ümumi tonusunu dəstəkləyir. Gündəlik həyatımızda meyvə-tərəvəz mühüm yer tutur və hər gün istifadə edirik. Əlbəttə, həkim və dietoloqlar tərəfindən mövsümə uyğun meyvə-tərəvəzlər daha çox tövsiyə olunur.
Bundan əlavə, meyvələrin tərkibi 70-80 faiz sudan ibarətdir. Bu isə orqanizmin su balansını bərpa edib tənzimləyir.
Mövsümə uyğun olmayan və ya ekzotik ölkələrdən gələn meyvələr özündə bəzi riskləri daşıyır. İlk növbədə bu allergik reaksiyaların əmələ gəlməsidir. Əgər şəxsin hər hansı allergiyası varsa, tanış olmadığı meyvələrlə çox ehtiyatlı olmalıdır. Həmin şəxslər ekzotik meyvələri az-az dadmalı, bədənin reaksiyasına baxmalıdır. İkinci növbədə, fermentativ sistemimiz ekzotik meyvələrə öyrəşməlidir. Bu isə vaxt tələb edir.
Üçüncüsü, ekzotik meyvələr xarici ölkələrdən uzun daşınma yolu keçib ölkəmizə gəlib çıxır və onların bizə yaxşı vəziyyətdə çatması üçün meyvələrə müxtəlif konservantlar vurulur. Bu da orqanizm üçün zərərlidir”.
Ekspertin sözlərinə görə, bütün meyvələrin günün birinci yarısında yeyilməsi daha faydalıdır: 
“Ekzotik meyvələrin kiçik porsiyalarda və günün birinci yarısında yeyilməsi tövsiyə olunur ki, tərkibində olan karbohidratlar düzgün mənimsənsin və “fiqura”nı korlamasınlar. Bəzi ekzotik meyvələrin tərkibində elə maddələr var ki, onlar meteorizm, qanda şəkərin səviyyəsinin qalxması, qastritin kəskinləşməsinə səbəb ola bilər. 
Manqo, avokado, pitayya, liçi, quava, əjdaha meyvəsi, ananas, rambutan, manqustun, durian kimi meyvələrin hamısı çox şirin meyvələrdir. Onları az miqdarda yedikdə orqanizmə və bədən quruluşuna heç bir zərər vurmurlar. Pəhrizdə olanlar rasionlarında nə qədər müxtəlif meyvə-tərəvəzlərdən istifadə etsələr, bir o qədər yaxşıdır. Amma yenə deyirəm, xüsusən bu tip şirin meyvələr günün birinci yarısında yeyilməlidir. Meyvə yedikdən 1,5 saat sonra başqa qida qəbulu mümkündür”.