Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

MDB-də 'Rus dili ili' elanı və Azərbaycan…

Tarix :
MDB-də 'Rus dili ili' elanı və Azərbaycan…

2023-cü il Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində "Rus dili ili" elan edilib. Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda MDB dövlət başçılarının ənənəvi Yeni il öncəsi sammiti (26-27 dekabr) zamanı rus dilini "çoxmillətli dövlətləri birləşdirən güc" adlandırıb. Artıq bu elan MDB məkanında birmənalı qarşılanmayıb.
Azərbaycana gəlincə isə, rəsmi məlumata görə, ölkədə tədrisi rus dilində olan 300-dən çox məktəb var. Həmçinin, Azərbaycanda Rusiyanın bir sıra universitetlərin filialları fəaliyyət göstərir. Hətta hələ də bəzi iş elanlarında tələb kimi rus dilini bilməyin vacib olduğu qeyd edilir.
2023-cü ilin MDB məkanında "Rus dili ili" elan edilməsi Azərbaycanın üzərinə yeni öhdəliklər qoyurmu?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan"a deyib ki, 2023-cü ilin "Rus dili ili" elan olunması müəyyən mənada il ərzində bu dilin təbliği kimi məsələləri özündə ehtiva edir: "Bu sahədə bizim elə bir problemimiz olmamalıdır. Azərbaycanda 340-a yaxın rusdilli məktəb, Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları var".
Deputat xatırladır ki, Sovet İttifaqı dünyanın 1/6-ni təşkil edirdi və 250 milyon əhalisi var idi: "Rus dilini bilməklə dünyanın 1/6-ni gəzmək olar. Bu düşüncə olmamalıdır ki, rus dilini bilmək Rusiyaya xidmət etmək deməkdir. Bu, sadəcə vaxtı ilə 250 milyon nəfərin istifadə etdiyi dildir. MDB ölkələrinin dilini bilmədən MDB məkanında rus dilini istifadə edib ünsiyyət qurmaq olur".
E.Nəsirovun sözlərinə görə, burada siyasi motiv axtarmaq lazım deyil: "Rus dilini bilib dünyanın 50-60 faiz informasiya məkanına girə bilərsən. Məsələyə bu kontekstdən yanaşmaq daha doğru olar".
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanın bu məsələdə öz siyasəti olmalıdır: "Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Lakin pis olmazdı ki, məktəblərdə, universitetlərdə təhsil alan şagird və tələbələrimiz xarici dili bilsinlər. Bu, həm ünsiyyət üçün vacibdir, həm də informasiyaya və elmə çıxış deməkdir".
Ekspertin fikrincə, bu baxımından rus dili vacib olsa da, rus dilində məktəblərə əlahiddə bir önəm verilməməlidir: "Yəni, rus dili ingilis, fransız dili kimi əlavə və fakültativ dil qismində tədris edilə bilər. Özəl universitetlərdə tədris başqa dildə ola bilər, amma bu dildə təhsil dövlət büdcəsindən maliyyələşən təhsil ocaqlarından yığışdırılmalıdır".
Siyasətə gəlincə, A.Qasımlının sözlərinə görə, Rusiya postsovet məkanında öz ekspansiya (sərhədlərin genişləndirilməsi, nüfuzların artması) siyasətini davam etdirməkdədir: "Bu ekspansiya siyasətinin tərkib hissəsi rus dili məsələsidir ki, bunu hər yerdə yaymaq istəyirlər. Bu, bizim milli təhlükəsizliyimiz məsələsidir və burda da dövlət maraqlarımıza uyğun qərar verilməlidir".
Bununla belə, o, qeyd edib ki, MDB məkanında "Rus dili ili"nin elan edilməsində bir elə problem görmür: "Gəlib rus dilində tamaşa versələr, rus dilinin əhəmiyyətindən danışsalar, bunda heç bir problem görmürəm".
MDB 1991-ci ildə SSRİ-nin süqutu ilə yaradılıb. Baltikyanı respublikalar və Gürcüstandan başqa keçmiş müttəfiq respublikalar bu qurumda təmsil edilir.