Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Rayondan gəlib Bakıda min hoqqadan çıxırlar” - Xalq artistindən qalmaqallı sözlər

Tarix :
“Rayondan gəlib Bakıda min hoqqadan çıxırlar” - Xalq artistindən qalmaqallı sözlər

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov sosial şəbəkələrdə hücuma məruz qalıb. Sənətçinin hədəfə çevrilməsinə səbəb rayondan Bakıya üz tutan insanlar haqda verdiyi açıqlama olub. 
Mövzu ilə bağlı Yenisabah.az-a danışan rejissor fikirlərinin kontekstdən çıxarıldığını, sözlərinin təhrif olunduğunu deyib:
“Rayondan Bakıya kütləvi şəkildə gələn günahsız insanlarımız var. Televiziyalarda sosial verilişlərə baxsanız onların durumunu görə bilərsiniz. Mən də onlar haqda bir açıqlama vermişəm, mətbuatda dərc olunub, bu məsələnin sosial faciəsini açmışam, səbəbini demişəm, amma indi haqqımda yazırlar ki, Şeyx deyir ki, rayondan gəlib Bakıda əxlaqsızlıq edirlər. Şeyx məgər əxlaqsızlığı təbliğ edir?! Mən bunları yaradan səbəbləri açmışam. Mən sosial problemləri demişəm, rayonlardakı acınacaqlı durumdan, özbaşınalıqdan, idarəçilik sisteminin olmamasından danışmışam. Buna görə rayon əhalisi hazırlıqsız, şəhər mühitində heç bir şəraiti, imkanı olmadan Bakıya üz tutur. Ərindən, dədəsindən, anasından qaçan, arvadından boşanan şəhərdə heç bir istinadı, işi, dolanışığı olmayan insanlar gəlib tökülüb şəhərdə qalıblar. Həm şəhər, həm özləri girinc olub, həm də mənəviyyatımız dağılıb, məhv olur. Mən bunu izah etmişəm. Niyə bunu yozurlar, niyə ağızlarına gələni danışırlar, adam dəhşətə gəlir. Doğru deyiblər ki, el üçün ağlayan kor olur? Mən kor olsam da, ölsəm də deyəcəyəm! Rayondan sosial ehtiyac üzündən tökülüb şəhərə gələnlər sonra pis günə qalırlar. Gəlib burada dilənçilik, nökərlik, oğurluq edirlər, pis yollara gedirlər. Rayonlarda sosial problemlər hədsiz çoxdur. Naxçıvan kimi onlar da yoxlanmalıdır. Rayon "idarəçiləri” orada qəsdən sosial gərginlik yaradıb xalqı dövlətə qarşı qoyurlar. Təkcə mənim yaşadığım “Beşmərtəbə” deyilən ərazidə ştatda olan 5 dilənçi var. Hamısı da rayondan gələn cavan gəlindir, yanında 2-3 uşaqla dilənir. Mən gördüyümü deyirəm. Gördüyümü deməyim, susum ki, hansısa ağzıgöyçək mənim ünvanıma ədəbsiz, tərbiyəsiz sözlər deyəcək?!” 
Xalq artisti qeyd edib ki, vətəndaşların doğulub-böyüdüyü yerdə yaşamaq hüququ var. Amma bu gün kəndlilər yurdlarından didərgin salınıblar:
“Bu gün kütləvi şəkildə insanlar yerindən-yurdundan didərgin salınır, gəlib Bakının küçələrində min bir hoqqadan çıxırlar. Niyə onları öz yerlərindən didərgin salırlar? İnsanların yaşamaq hüququ var. Onlar məcbur olub Bakıya gəlirlər, sonra da yaşamaq, dolanmaq üçün qeyri-qanuni, əl çatan, çatmayan hər cür yola əl atırlar. Bunlar hamısı rayonlarda, kəndlərdə olan sosial problemlərin üzündəndir. Kəndli qapısında olan məhsulu sata bilmirsə, başını götürüb gəlib Bakının küçələrində dilənirsə, bir qarın çörək üçün hamballıq edirsə, bunun günahı xalqda, insanlarda deyil, xalqı idarə edən dövlət strukturundadır. Bunları danışmayaq? Bu işdə mənə dəstək olmaq əvəzinə ünvanıma nalayiq ifadələr deyənləri Allah hidayət etsin. Amma mən bu mövqedəyəm, xalq dövlət səviyyəsində təmin olunmalıdır. Xalqın öz elində, obasında, doğulduğu yerdə yaşamaq hüququ var. Hər kəs öyrəşdiyi mühitdə formalaşmalı və qalmalıdır. Qeyri-adi şeylərin nəticəsi də pis olur, bu gün verilişlərə baxsaq, ora şikayətə gələnləri izləsək bunun acınacaqlı nəticəsini görə bilərik”.