Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bakının bu ərazisinə də metro çəkiləcək - AÇIQLAMA

Tarix :
Bakının bu ərazisinə də metro çəkiləcək - AÇIQLAMA


Bütün paytaxt sakinləri kimi Bayıl sakinləri də ərazidə yaranan nəqliyyat sıxlığı və tıxacdan narahatdırlar.
Qəsəbə sakinləri redaksiyamıza müraciətlərində bildirdilər ki, yaranan gündəlik tıxac onları həm mənəvi, həm də psixoloji olaraq yorur.
Xatırladaq ki, ərazidə bir tək ictimai nəqliyyat növü – avtobuslar fəaliyyət göstərir.
Maraqlıdır, Bakının giriş qapısı hesab edilən belə önəmli ərazidə həm tıxacın, həm də avtobuslarda insan sıxlığının azaldılması üçün alternativ ictimai nəqliyyat növləri yaradılacaqmı?
Sualımızı cavablandırması üçün “Bakı Metropoliten” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov ilə əlaqə saxladıq. Metropoliten sözçüsü dedi ki, gələcəkdə Bayıl qəsəbəsinə metro xəttinin çəkilməsi nəzərdə tutulub.
“Bayıl və Badamdar ərazisi metropolitenin konseptual inkişaf sxemində var. Amma bu ərazilərdə metronun icrası ilə bağlı konkret tarixlər yoxdur. Bu ərazilər təxmini nəqliyyat qovşağının zolaqlarıdır. Yuxarı hissə Badamdardır, aşağı hissə isə Bayıldır. Ümumiyyətlə, gələcəkdə metropolitenin sarı xətti Bibiheybətdən Binəqədiyə qədər 11 stansiyadan ibarət bir xətt olacaq. Amma onun hələ ki, nə layihələndirilməsi, nə də inşası aparılır. Bu məsələ yaxın gələcəyin planlarına daxil deyil. Çünki yaxın gələcəyin ən vacib planları hazırda inşası davam edən stansiyaların, o cümlədən Xocahəsən qəsəbəsinin yerüstü stansiyası, inşası davam edən B4 stansiyası (bənövşəyi xəttin dördüncü yeraltı stansiyası)  və ən vacib olan layihə xətlərin ayrılması məsələsidir”.
Qurum rəsmisi qeyd etdi ki, Masazır, Xırdalan əraziləri isə Bakı Metropolitenin konseptual inkişaf sxemində yer almayıb:
“O istiqamətlərdə metro tikintisi nəzərdə tutulmayıb”,- o əlavə etdi./Redaktor.az