Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rəfail İbrahimovun anası: "Balama şəhid adı verilsin" - Video

Tarix :
Rəfail İbrahimovun anası: "Balama şəhid adı verilsin" - Video

Xəbər verdiyimiz kimi, ötən il yanvarın 2-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.  Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Əvəzli 3 yanvar 2022-ci il tarixində Laçın rayonunun Malxələf kəndi ərazisində aşkar olunaraq şübhəli şəxs qismində saxlanılıb. Hökmə əsasən, Elxan Əvəzli ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, xidmət yoldaşı tərəfindən öldürülən Rəfail İbrahimov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub, müharibədən sonra nümunəvi əsgər olduğuna görə qalıb orduda xidmətini davam etdirib.
Yeniavaz.com xəbər verir ki, bu gün Rəfailin il mərasimi keçirilib. Onun atası birinci Qarabağ müharibəsinin iştirakçısıdır, 7 il orduda xidmət edib. Başından aldığı qəlpə nəticəsində yaddaş pozğunluğu yaşıyır. O hələ də bəzən elə bilir ki, oğlu ölməyib, Laçında qulluq edir. Anası Zeynəb xanım isə oğlunun nəşinin şəhidlər xiaybanında dəfn olunmasını və oğluna şəhidlik statusunun verilməsini istəyir. Zeynəb xanım deyir ki, ölənə qədər bu mübarizəsini davam etdirəcək.
Rəfailin il dönümündə onun Mingəçevir Havarlı qəbirstanlığındakı məzarını yaxınları, doğmaları, Yevlax və Qazax Sərhəd Qoşunlarının gizirləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin, həmçinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları ziyarət ediblər.