Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Pomidor-xiyarın əlçatmaz qiymətləri - Novruz bayramına qədər daha da artacaq

Tarix :
Pomidor-xiyarın əlçatmaz qiymətləri - Novruz bayramına qədər daha da artacaq

Bayram ərəfəsi və tətil günlərində ərzaq məhsulları içərisində ən çox bahalaşma tərəvəz məhsullarında müşahidə olunur. Mağazalarda və meyvə-tərəvəz köşklərində xüsusən pomidor və xiyarın qiyməti kəllə-çarxa çıxıb. Sosial şəbəkələrdə tez-tez yayılan görüntülərdə xiyarın 7-9 manat qiymətlə satışa çıxarıldığını əks etdirən foto və videolara rast gəlinir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli  bahalaşmanın həm mövsümlı, həm də bayramla əlaqəli olduğunu bildirib.
Onun sözlərinə görə, qiymət artımında ixracatın da böyük payı var. Daxili tələbatı tam ödəyə bilməyən yerli istehsal istehlakı ixracata bağlayıb:
“Bayram öncəsi, üstəgəl, mövsüm problemləri bu cür bahalaşmanı labüd edir. Ölkədə həmişə yeni məhsul çıxana qədər qiymətlər bahalaşır. Hazırda qiymət bahalaşması fantastik həddə çatıb.
Uzun müddət Rusiyaya mal çıxarılmasında müəyyən problemlər vardı. Bu problemlər son zamanlar, deyəsən, aradan qalxıb və ölkədən daha çox kənd təsərrüfarı məhsulları Rusiyaya ixrac olunur. Belə olan halda avtomatik olaraq yerli bazarda qiymətlər qalxır, çünki istehsal o qədər də çox deyil ki, həm daxili bazarı, həm də ixracatı tam təmin etsin.
Tərəvəz məhsullarının ixrac həcmi artan kimi daxili bazarda disbalans yaranıb və qiymətlərin artması müşahidə olunur”.
Ekspert qeyd edib ki, bahalaşma hələ Novruz bayramına qədər davam edəcək. Hətta qiymətlərin bir qədər də artacağı ehtumal olunur:
“Novruz bayramından sonra bahalaşma bir qədər səngiyəcək. Bayram ərəfəsi, yeni mövsüm qabağı qiymətlərin ucuzlaşmasını görə biləcəyik. Pomidor, xiyar, digər tərəvəz və meyvələr ucuzlaşacaq. Təqribən may-iyun aylarında qiymətlərin ucuzlaşması başlayacaq, amma hələlik ən azı Novruz bayramına qədər qiymətlərin qalacağı, hətta bir az da arta biləcəyi ehtimalı kifayət qədər yüksəkdir”.