Taliban universitetlərdə qızların təhsilinin dayandırılmasının səbəbini açıqladı

Tarix :
Taliban universitetlərdə qızların təhsilinin dayandırılmasının səbəbini açıqladı

Taliban Əfqanıstanda qadın tələbələrin universitetlərdə təhsilinin dayandırılması ilə bağlı səbəbləri açıqlayıb.
Bu barədə Talibanın ali təhsil nazirinin müavini Nida Məhəmməd Nədim Əfqanıstan Dövlət Televiziyasında yayımlanan proqramda danışıb.
O, qadın tələbələrin universitetlərdə təhsilinin dayandırılmasını baş örtüsünü geyinmə, birgə təhsil, səyahət və digər regionlara köçlə əlaqələndirib.
Nədim Taliban administrasiyasının ali təhsil sahəsində gətirdiyi qaydaların lazımınca yerinə yetirilmədiyini müdafiə edib:
“Universitetlərdə qızlar örtünmə qaydalarına əməl etmir, qadağaya baxmayaraq, bəzi universitetlərdə birgə təhsil hələ də davam etdirilir. Qız tələbələrin universitet təhsili üçün müxtəlif vilayətlərə getməsi və orada yaşaması uyğun deyil. Həmçinin ailəsi və ya hər hansı bir “məhrəmi” olmadan orada yaşaması və yataqxanalarda qalması ona uyğun deyil. Buna görə də universitetlərin bəzi fakültələrində qızlar təhsil almamalıdır”.
Kənd təsərrüfatı, mühəndislik kimi bəzi şöbələrdə qızların təhsil almasının İslam qaydalarına və əfqan namusuna zidd olduğunu iddia edən Nədim deyib ki, Talibanın məqsədi qızları təhsildən məhrum etmək deyil:
“Universitetlərdəki problemlərin həlli istiqamətində işlər davam etdirilir”.
Nədim beynəlxalq reaksiyalara isə belə reaksiya verib:
“Daxili işlərimizə qarışmasınlar. Qız və oğlanların təhsil aldığı mədrəsələrlə bağlı yeni qərar gündəmdə deyil, mədrəsələr fəaliyyətini indiki formada davam etdirəcək”.
Qeyd edək ki, Taliban administrasiyası bir neçə gün əvvəl universitetlərdə qız tələbələrin təhsilinin ikinci elana qədər dayandırıldığını açıqlamışdı.