Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Direktor ölən şagirdlərdən yazdı - “Ağ bantını taxmamışdı...”

Tarix :
Direktor ölən şagirdlərdən yazdı - “Ağ bantını taxmamışdı...”

Dekabrın 20-də axşam saatlarında Xəzər rayonu ərazisində baş vermiş ağır yol qəzasında vəfat edən yeniyetmə qızlar 262 saylı orta məktəbin şagirdləri olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məktəbin direktoru Kəmalə Babayeva məlumat yayıb.
O, məktəbin şagirdləri Zalina Lütfəlizadə və bacısı Amina ilə bağlı səhifəsində təsirli sözlər yazıb: “Böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Türkan-Qala yolunda baş vermiş ağır yol qəzası nəticəsində 262 Nömrəli Tam Orta Məktəb şagirdləri Lütfəlizadə Zalina və bacısı Lütfəlizadə Aminə həyatlarını itiriblər. Baş vermiş hadisə məktəbimizin kollektivini çox sarsıtdı.
Zalinaya birinci və axırıncı dərsləri mən keçdim. Mən yola saldım Zalinanı sinifdən. Təsadüfən... Həmişəki kimi aktiv idi dərsdə, hətta lövhədə testləri də işlədi. Amma bircə şey fərqli idi Zalinada bu gün-Həmişə taxdığı və ona çox yaraşan ağ bantını taxmamışdı. Məkanın cənnət olsun, cənnət mələyimiz…”
Qeyd edək ki, hadisə vaxtı şagirdlərin olduğu “VAZ-2107” ilə “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə “Vaz-2107” avtomobilin sürücüsü və sərnişini olan qızlar ölüb. Qızların anası, eləcə də avtomobillərdə olan digər 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
İlkin araşdırmalar nəticəsində qəzaya taksi fəaliyyəti göstərən Bakı şəhər sakini 34 yaşlı Həsənov Abil Sədrəddin oğlunun idarə etdiyi “Hyundai”ın səbəb olması müəyyən edilib. Abil Həsənov həmin gün səhər saatlarından başlayaraq fasiləsiz taksi fəaliyyəti ilə məşğul olduğu üçün yorulduğunu və bu səbəbdən sükan arxasında yuxulayaraq qarşı hərəkət zolağına çıxdığını bildirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.