Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İranda vəziyyət gərginləşir: Silahlı üsyan gözlənilir

Tarix :
İranda vəziyyət gərginləşir: Silahlı üsyan gözlənilir

İranda bu ilin sentyabr ayında 22 yaşlı Məhsa Əmini adlı gənc qızın əxlaq polisi tərəfindən öldürülməsindən sonra başlayan etiraz aksiyaları yenidən alovlanmağa başlayıb. Aksiyalar zamanı yüzlərlə etirazçının həbs olunmasına baxmayaraq, xalq molla rejiminə qarşı sonadək mübarizə aparmaqda israrlıdır. 
Artıq bir çox ölkə İrandakı vətəndaşlarına müraciət edərək, onları dərhal bu ölkədən çıxmağa çağırıblar. Bildirilib ki, molla rejiminin hakim olduğu ölkədə aksiyalar fonunda təhlükəsizliklə bağlı ciddi problemlər müşahidə olunmaqdadır. 
Eyni zamanda qeyd edək ki, bəzi Avropa ölkələrində Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza dəstək aksiyaları keçirilib, dünya azərbaycanlılarının hər zaman onların yanında olduğu diqqətə çatdırılıb. 
Etirazlar burulğanında boğulan İranda daha nələr gözlənilir? Xalq etirazı nəticə verəcəkmi?
Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Sədrəddin Soltan bildirib ki, İranda etiraz aksiyaları artıq bəhrəsini verməkdədir:
“Müəyyən nəticələr də var. Bu aksiyalar İran hakimiyyətinin mahiyyətini bir daha ifşa etdi. İran 44 il bundan əvvəl olduğu kimi, yenə insanları məhkəməsiz edam edir, dar ağacından asır. Bu ölkədə insan ölümü adi hala çevrilib, vətəndaşların hakimiyyət üçün dəyəri belə yoxdur. Kimi gəldi öldürürlər. İnsanlarla quldurcasına davranırlar. Məlumata görə, hərbi polis qüvvələri hadisələrin gedişi zamanı 68 nəfər yeniyetmə İran vətəndaşını öldürüb. İran hakimiyyəti etirazçıların haqlı səsini eşidib, onlara cavab verməkdənsə, zorakılığa, qətllərə əl atır ki, bu da xalqı qəzəbləndirir”.
Politoloq hesab edir ki, bundan sonra keçiriləcək aksiyalarda saxlanılan şəxslərin azadlığa buraxılması, edam olunan nümayişçilərin qatillərinin məsuliyyətə cəlb olunması tələbləri də irəli sürülə bilər:
“Aksiyalar həbs olunan şəxslərin azadlığa buraxılması, eləcə də dar ağacından asılan insanların qatillərinin tapılıb cəzalandırılmasına yönələcək. İran hakimiyyəti insanları arxayın, mürtəce şəkildə asanlıqla idarə edə bilməyəcək. Bundan sonra vəziyyət daha da gərginləşəcək. İran hakimiyyəti dinc əhaliyə odlu silahla müdaxilə edir. Bununla mövcud rejim onunla hansı dildə danışılmalı olduğunu təyin etmiş olur. Artıq İran hakimiyyəti ilə zor dilində danışılacağı istisna deyil. İranın şərq ərazisində yerləşən Sistan-Bəlucistan bölgəsində o vaxtlar silahlı dəstələr olub. Həmin silahlılar İran hakimiyyətini ciddi şəkildə narahat edirdi. İndiki məqamda silahlı dəstələrin yenidən aktivləşəcəyi istisna deyil.
Qeyd edim ki, cəmiyyətin silahla hakimiyyəti devirməsi beynəlxalq hüquqa zidd deyil. İstənilən cəmiyyət hakimiyyəti silah gücü ilə devirə bilər. Prespektivdə İran hakimiyyəti cəmiyyət tərəfindən devrilərsə, bu, qanunsuz olmayacaq və legitim sayılacaq”.
S.Soltan onu da vurğulayıb ki, İranda mövcud hakimiyyətin devrilməsi üçün etiraz aksiyalarının davamlı olması vacibdir: “Hazırda SEPAH-ın daxilində də parçalanmalar var. İranın siyasi elitası, yəni din xadimləri arasında parçalanmalar baş versə, hakimiyyətin süqutu daha da sürətlənə bilər. Bunun üçün etiraz aksiyalarının davamlı olması vacibdir”.