Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

17 yaşlı qız 50 yaşlı kişinin nəyinə bənd olub? - “Puluna, var-dövlətinə...”

Tarix :
17 yaşlı qız 50 yaşlı kişinin nəyinə bənd olub? - “Puluna, var-dövlətinə...”

Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı şəxsə ərə verilməsi bir neçə gündür sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. 
Ötən gün ATV telekanalında yayımlanan “Bizimləsən” proqramına zəng vuraraq açıqlama verən qız haqqında yayılan xəbərlərə aydınlıq gətirib. O, öz istəyi ilə 50 yaşlı kişi ilə nişanlandığını açıqlayıb.
Onun bu sözləri müzakirələri daha da alovlandırıb.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış yazıçı Seyran Səxavət bunun Azərbaycan üçün heç də təəccüblü hadisə olmadığını deyib:
“Bu hadisə bizim yaşın adamları üçün yeni bir şey deyil. Cavanlar üçün bu qəribə ola bilər, amma belə deyil. Nəhəng Üzeyir Hacıbəyovun “Məşədi İbad” əsərini hər kəs oxuyub, eyniadlı filmi seyr edib. Bax, bu gün də həmin psixologiyadır. Üzeyir bəyin dövründə də bu hadisə heç də yaxşı qarşılanmayıb. Filmə baxsanız orada qonaqlıq səhnəsi var, həmin səhnədə hər şey açılıb ortaya qoyulub. Mənim üçün bu yeni deyil, indi də həmin səbəb, həmin vəziyyət, həmin məkan və bunlardan doğan nəticədir. Bu bizim psixologiyamızda, qanımızda olan bir şeydir və hərdən baş qaldıra-qaldıra gedir”. 
Yazıçı 17 yaşlı qızın məhz var-dövlətə görə özündən bu qədər böyük şəxslə ailə qurduğunu iddia edib:
“O ki, qaldı qızın məni heç kəs məcbur etməyib deməsinə, burada da “Məşədi İbad” yada düşür. Orada soruşurlar ki, Rüstəm bəy Məşədi İbadın nəyinə bənd olub? Cavab gəlir ki, puluna, var-dövlətinə. Bu məsələdə də eynisidir. Düz 100 il bundan əvvəlki məkandır, elə eyni zamandır. Bu reallıqdır.
Bəzən bunu xarici ölkələrdə də görürük. Mətbuatda Avropada cavan oğlan 70 yaşlı qadınla evləndi tipli xəbərləri tez-tez görürük. Bu da həmin məsələdir. Elə onlar da Məşədi İbadın qohumlarıdır. Məşədi İbad bizim hamımızın qohumudur”.