Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Var millətimin imzası imzalar içində… - Heydər Əliyev Azərbaycanın imzasını dünyanın siyasi xəritəsinə yazdı…

Tarix :
Var millətimin imzası imzalar içində… -  Heydər Əliyev  Azərbaycanın  imzasını dünyanın siyasi xəritəsinə  yazdı…



Heydər xalqım deyəcək, Xalq Heydər söyləyəcək… 

Böyük şairimiz Məhəmməd Hadi yana-yana yazırdı:

İmzasını qoymuş miləl övraqi-həyatə, Yox millətimin xətti bu imzalar içində... 
Bəli, millətimizin imzası  yüz illər boyu imzalar içində olmadı. Hadinin bu misralarını  bu gün əbəs yerə xatırlamadıq. 
Bu gün  Azərbaycanın dahi Rəhbəri, Ulu Öndər Heydər Əliyevin anım günüdür. 
Bəli, Heydər Əliyev  Hadi kimi nəhənglərin arzusunu yerinə yetirdi və Azərbaycanın imzasını qızıl hərflərlə  imzalar  sırasına yazdı. Heydər Əliyev həmişə Azərbaycanın ən ağır, ən dəhşətli günündə, az qala Azərbaycanın məhv olması məqamında özünü yetirib və xalqı xilas edib. 
Gəlin tarixə qısa bir ekskurs edək. 1990-cı ilin  Qanlı  Yanvarında bütün ölkə matəm içərisində idi, heç kimin səsi heç hara çatmırdı, özümüz ağlayıb, özümüz susurduq. Belə bir məqamda səhhətində ciddi problem olan Heydər Əliyev  həyatını riskə ataraq dünyanın mərkəzlərindən biri olan Moskvada möhtəşəm tədbir keçirərək dünyanın diqqətini Azərbaycana  cəlb edir, Bakıda baş verən qanlı olaydan danışır. 
Təsəvvür edirsiniz, M.S.Qorbaçov kimi ermənipərəst haqqında Moskvada ən ağır ifadələri işlədib, Heydər Əliyev. 
Sözün qısası, 20 yanvar terroru  ilə bağlı  ilk dəfə Azərbaycanın səsini dünyaya çatdıran da Heydər Əliyev olub. Bəli, sonrakı dönəmdə ermənilərin Qarabağı işğal etməsi, 1 milyon qaçqın ordusu, ölkə iqtisadiyyatının çökməsi, aclıq, çörək növbələri və…. 
Azərbaycanda hakimiyyətdə olan  AXC üzvlərinin yarıtmaz, səriştəsiz  əməlləri nəticəsində ölkəmiz ayaqlar altına düşüb. Ölkədə silahlı qruplaşmalar, qarşıdurma, vətəndaş müharibəsi və daha nələr. Belə bir faciəvi  məqamda Heydər Əliyev yenə xilaskar kimi  gələrək Azərbaycanı ayağa qaldırır. Silahlı qruplaşmalar ləğv edilir, Vahid Ordu yaradılır, ölkədə stabillik  bərqərar olur. İqtisadiyyat dirçəlməyə başlayır, Azərbaycanın talehində mühüm rol oynayan Əsrin sazişi imzalanır. Ölkə yavaş-yavaş  nəfəs almağa, inkişafa başlayır. 1 milyon qaçqın və məcburi köçkün ordusu məskunlaşdırılır. Ölkədə parlament seçkiləri keçirilir. 
Heydər Əliyev Avropa dövlətlərinə səfərləri zamanı Azərbaycanın xəritəsini hər yerdə nümayiş etdirərək, ermənilərin torpaqlarımızı işğal etdiyini sübut edir. Bəli, bir neçə ilin içərisində Ulu Öndər Azərbaycanı iflas həddində olan bir ölkədən inkişaf etmiş dövlətə çevirdi. Dünyanın bir çox ölkələrində səfirliyimiz açıldı. 
Ulu Öndər qardaş Türkiyə ilə strateji müttəfiqliyin əsasını qoydu. Onun “Bir millət, iki dövlət” sözləri bu gün qardaş Türkiyənin Prezidenti  Rəcəb Tayyib Ərdoğanın dilinin əzbəridir. 
Bəli, bu müttəfiqlik 44 günlük Qarabağ savaşında da özünü göstərdi. Və Azərbaycan öz torpaqlarını mənfur ermənilərdən azad edə bildi. 
Heydər Əliyevi yaxından tanıyanlar bilir ki, şit təriflərdən xoşu gəlməzdi. Dəfələrlə ona akademik, Milli qəhrəman və s kimi titullar təklif etsələr də, Ulu Öndər  anındaca məsələni qapamışdır. Heydər Əliyev bütün titullardan ucada dayanırdı. Amma buna baxmayaraq  xalqın ona olan sevgisini hər zaman  görürdü. Və belə bir sevginin nəticəsində sözləri Baba Vəziroğluna, bəstəsi bəstəkar Kamala məxsus olan məşhur mahnı yarandı. Sanki bu mahnının sözlərini də xalq yazıb, bəstəsini də. Bu gün bu məşhur mahnını təkcə məşhur sənətkarlar oxumur, məktəblərdə şagirdlər, hətta bağçalarda körpələr oxuyur. Yəni bu bir millətin öz rəhbərinə olan sevgisidir və millətin bağrından qopub gəlir. Və Ulu Öndərin Anım günündə yazdığımız bu yazını da  məşhur mahnının sözləri ilə bitiririk: 
Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək Gözlərində açılır bu millətin səhəri, Sənin adınla bağlı bu xalqın hər zəfəri. Qədəmin dəyən yerdə səhralar da gül açır, Gülüstana çevrilir yurdun kəndi, şəhəri. Günəş doğur elə bil, harda çəkilir adın, Dosta fəxarət gəlir, gözü kor olur yadın. Azərbaycan deyəndə səni düşünürük biz, Azadlığa inamı xalqa sən bağışladın. Sən elə bir zirvəsən, küləklər neyləyəcək, Dünənim, bu günümsən, səninlədir gələcək. Nə qədər Azərbaycan, nə qədər bu millət var, Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək! Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək! Sən bu çətin zamanda gücümüz, qüvvətimiz, Sən bizim bu dünyada ən böyük sərvətimiz. Millətin imzası var imzaların içində, Sənə halaldır, halal ülvi məhəbbətimiz.

                                                       YENİEKİNCİ.AZ