Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bir gündə 2 istefa: Paşinyan hökuməti dağılır

Tarix :
Bir gündə 2 istefa: Paşinyan hökuməti dağılır

“Bu məsələnin səbəbini müəyyənləşdirmək üçün Ermənistan dövlətinin yuxarı eşalonunda baş verən proseslərlə bağlı dəqiq məlumata malik olmaq lazımdır”. 
Bu fikirləri açıqlamasında siyasi şərhçi Orxan Amaşov deyib.
Politoloq erməni siyasi elitasında bir gündə baş verən 2 istefadan söz açıb.
Xatırladaq ki, bu gün Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyanla yanaşı Baş nazirin köməkçisi Ambarsum Matevosyan istefa edib.
Siyasi analitikin fikrincə, spekulyasiya üçün hər zaman çox geniş meydan var və müxtəlif nəzəriyyələri irəli sürmək olar, amma bunların hamısı ehtimal səviyyəsindən yuxarı qalxmayacaq.
O, əlavə edib ki, hazırda biz çox maraqlı hadisələrin şahidi oluruq:
“Bildiyiniz kimi, sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazidə Azərbaycanın müxtəlif dövlət qurumları müşahidələr aparırlar, o cümlədən jurnalistlərin də oraya girməsiylə bağlı problemlər yaranır. Çox maraqlıdır ki, Laçın koridorunun statusu ilə bağlı məsələlər yenə də gündəmdədir. Azərbaycanın Laçın dəhlizinin girişinə mini gömrük postu qoymasıyla bağlı məsələ müzakirə olundu. Belə ki, Rusiya sülhməramlılarının komandanı general-mayor Andrey Volkov da bir-birinə ziddiyət təşkil edəcək açıqlamalar verdi. O, əvvəl dedi ki, orada skanner tipli bir aparat qoyulacaq. Lakin komandan qondarma rejim nümayəndələri ilə ünsiyyət zamanı söylədi ki, belə bir hadisə yoxdur və onun sözləri kontekstdən çıxarılıb”. 
Təhlilçiyə görə, Paşinyan hökuməti rəsmi səviyyədə Laçın dəhlizində baş verən hadisələrə elə də böyük reaksiya vermədi:
“Paşinyan iqtidarının özü hadisələrin indiki mərhələsində erməni dünyasının ən az reaktiv qüvvəsi kimi görünür. Təbii ki, bu, ilk müşahidədir və sonradan fikirlər dəyişə bilər. Amma ermənilərin gözüylə baxsaq, ehtimallardan biri də ondan ibarətdir ki, prosesin bu mərhələsində Paşinyanın kifayət qədər əsaslı şəkildə erməni maraqlarını qorumaması daxildə ona yaxın olan insanlar arasında müəyyən narazılıqlara səbəb olub. Lakin Paşinyanın mandatı çox güclüdür, o cümlədən 2021-ci ilin yayında o, parlament seçkilərində çox böyük qələbə qazandı”. 
O.Amaşov hesab edir ki, Baş nazirin ən böyük sınağı elə həmin seçkilər idi:
“Çünki müharibədən sonra onun nüfuzu aşağı düşmüşdü və məlum deyildi ki, o, hakimiyyətdə qalacaq, yoxsa yox. Amma reallıq ondan ibarətdir ki, erməni xalqı keçmiş Koçaryan-Sarkisyan elementlərinə yox, yeni Baş nazirə inanır və ona görə də bu tip hadisələr Paşinyanın mövqeyini zəfilətməyəcək”. 
Mütəxəssis bu fikirdədir ki, bu barədə söz demək üçün dövlətin daxili üsnürləri ilə bağlı dəqiq fikirlərə malik olmaq və Ermənistanda olan prosesləri dərindən anlamaq lazımdır:
“Bu baxımdan, mən sözlərimi kifayət qədər çox ehtiyatla seçirəm və çalışıram ki, mühakiməmi nisbi əsaslarla ifadə edim. Qısası, mənim anladığım və başa düşdüyüm yalnız bundan ibarətdir”.