Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Elman Nəsirov: “Şər-böhtan yolunu seçən insanları birinci Allah özü cəzalandırır”

Tarix :
Elman Nəsirov: “Şər-böhtan yolunu seçən insanları birinci Allah özü cəzalandırır”

Cəlilabad rayonunun Güneyli kənd orta məktəbinin acınacaqlı görüntüləri sosial şəbəkələrdə ciddi müzakirə yaradıb. Məktəbin dağılmış vəziyyətinə görə kimisi Elm və Təhsil Nazirliyini, kimisi yerli icra hakimiyyətini, kimisi də deputatları günahlandırır. Cəlilabad rayon sakinlərinin sosial şəbəkədə yazdıqları şərhlərdə iddia edilir ki, rayonun deputatlarından Elman Nəsirov kəndlərin vəziyyəti ilə maraqlanmır. Deputatın hətta bir neçə dəfə kənddən sakinlər tərəfindən qovulduğu da iddia edilir.
 
Elman Nəsirovun Pravda.az-a verdiyi açıqlamadan isə belə məlum olub ki, sözgedən Güneyli kəndi onun seçki dairəsinə aid deyil.
 
Deputat bildirib ki, seçiciləri ilə görüşləri, onlarla təmasları hər zaman olur: “Təəssüf ki, bəzən elə adamlar tapılır. Öyrədilmiş, xəbis xislətli adamlardırlar. Çalışırlar ki, hər şeydə neqativ axtarsınlar. 68 saylı seçki dairəmə daxil olmayan bir kəndin adından danışırlar. Guya seçicilərlə görüşə getmirəm. Axı onlar mənim seçicilərim deyil. Mən onlarla görüşməli idim? Hər kəs seçildiyi dairədən seçicilərlə görüşür. Bunların xisləti ancaq şər-böhtan atmaqdır. Belə insanlar çox uzağa getmirlər. Şər-böhtan yolunu seçən insanları birinci Allah özü cəzalandırır. Seçicilərimiz deputatların fəaliyyətini görür, müsbət qiymətləndirirlər. Ayda, təxminən, iki dəfə görüşlərimizi həyata keçiririk. Seçicilərim razılıqlarını ifadə edirlər. Vətəndaşlar üçün vacib olan budur ki, deputatları onlarla ünsiyyətdə olsun, görüşsün, problemlərini dinləsin, yerli mərkəzi icra hakimiyyətləri qarşısında problemlərinin həllinə nail olsun. Məsələn, seçicilərimin əsas problemlərindən biri işıq dirəkləri ilə bağlı idi. Meh əsən kimi işıqları sönürdü. Bu məsələləri “Azərişıq” ASC-nin rəhbərliyi ilə danışdım. Geniş, ətraflı müzakirələrimiz oldu. Qurumun rəhbəri Vüqar Əhmədova təşəkkür edirəm, qaldırılan problemlərə çox həssas yanaşdı. 68 saylı seçki dairəsinin çoxsaylı kəndlərində indi kabelləşmə prosesi gedir. İnsanlar da razılıq edirlər. Bütün elektrik dirəkləri, transformatorlar, naqillər dəyişir, kəndlər ən müasir elektrik xətləri ilə təmin olunur. 68 saylı seçki dairəsinə daxil olan kəndlərin qaz problemi ilə bağlı “Azəriqaz”ın rəhbəri Ruslan Əliyevlə də görüşdüm. “Azəriqaz” daxili imkanlar hesabına 4 kəndin qazlaşdırmasını həyata keçirdi. Bu proses uğurla gedir. 2023-cü ildə çoxsaylı kəndlərimizin qazlaşdırılması prosesi reallaşdırılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə da müraicət etdim. İranla sərhəd kəndlərimiz boşalırdı, yollar bərbad vəziyyətdə idi. O yollar 60 ildir çəkilib, tamamilə dağılmışdı. Bakıdan Cəlilabada avtomobillə iki saata getmək olursa, Cəlilabadın kəndlərindən rayon mərkəzinə getmək üçün üç saat vaxt sərf olunur. Qurumun rəhbərliyinə təşəkkür edirəm, məsələyə həssas yanaşdılar. İndi iyirmi yaşayış məntəqəsində 36,2 kilometr yolun asfaltlanması həyata keçirilir. Seçicilərim məni dəstəkləyir, çünki fəal deputat olaraq seçicilərimin problemlərini Milli Məclisdə və müvafiq qurumlar qarşısında qaldırır, həllinə nail oluram…”