Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Türkiyə Azərbaycanı məcbur edir ki, qazın qiymətini aşağı salsın"

Tarix :
"Türkiyə Azərbaycanı məcbur edir ki, qazın qiymətini aşağı salsın"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Trans-Balkan boru kəmərindən bəhs edib. Prezident bildirib ki, bu boru kəmərinin tutumu 3 milyard kubmetrdir: “Beləliklə, biz ola bilsin bir ay müddətində zəruri həcmləri təchiz etməyə hazırıq. Lakin bunun üçün bizim Türkiyə ilə tranzit razılaşmamız olmalıdır. Əfsuslar olsun ki, biz hələ o mərhələyə çatmamışıq. Danışıqlar davam edir. Danışıqlar gözlədiyimizdən daha çox vaxt aparır. Ümid edirik ki, biz bu razılığa gələcəyik”.
Bu barədə Yeniavaz.com-a danışan politoloq Zərdüşt Əlizadənin fikrincə, Türkiyə bu prosesdə iqtisadi maraqlarını təmin etməyə çalışır:
“Türkiyə indi inhisarçı dövlətə çevrilir. Rusiya, Azərbaycan qazını yalnız Türkiyə vasitəsilə ötürə bilir. Türkiyə bütün marşrutları özünə birləşdirir. Çalışır ki, bütün iqtisadi maraqlarını təmin etsin. Kimin hesabına? Təbii ki, qaz tədarükçülərinin, qaz satanların hesabına. Çünki özü hələlik qaz çıxarmır. Buna görə də üstün mövqeyindən istifadə edərək təkid edir, Rusiyanı, Azərbaycanı məcbur edir ki, qazın qiymətini aşağı salsın. Sırf biznesdir, heç bir şəxsi amillər rol oynamır. Bu, yalnız və yalnız ticari məsələlərdir”.
Ekspert Azərbaycan və Türkiyənin qardaş ölkə olmasının prosesə təsiri ilə bağlı bunları deyib:
“Qardaş başqa şeydir. Türkiyə qardaş kimi yardım göstərə bilər - müharibədə yardım göstərdi - hərbi birləşmələr göndərə bilər, amma ticari məsələdə nə qardaş? Bu, biznesdir. Biznesin əsas məqsədi nədir? Maksimum gəlir götürmək. Onlar da biznes maraqlarını qorumaq istəyir. Və bu tamamilə təbii bir şeydir”.
Z.Əlizadənin Azərbaycan və Türkiyənin anlaşmasına mane ola biləcək faktorlarla bağlı fikirləri isə belə olub:
“Qiymət məsələsi. Qaz var, boru çəkilib, ortada müzakirə ediləsi hansı məsələ qalır? Həcm və qiymət. Qazın həcmi borunun həcmindən asılıdır. Yəqin ki, maksimum yükləyəcəklər. Ola bilsin, əlavə stansiya tikib təzyiqi qaldırıb həcmi də artırdılar. Amma ki, əsas məsələ qiymət məsələsidir. Burada incimək üçün heç bir əsas yoxdur. Örtülü bazar, dostluğu pozar. Özü də Azərbaycan elə dövlət deyil ki, onun sədəqəyə ehtiyacı olsun. Hakim zümrə əgər bir balaca qarət fazini azaltsa, əhalinin vəziyyəti də yaxşılaşa bilər”.

Azərbaycan və Türkiyə arasındakı danışıqların çox vaxt aparması məsələsinə münasibət bildirən Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr komissiyasının katibi, Milli Məclisin deputatı Elman Nəsirov isə Yeniavaz.com-a deyib ki, danışıqların uzun çəkməsinə səbəb Rusiya-Ukrayna müharibəsindən sonra Türkiyənin üzərinə ağır yükün düşməsidir:
“Rusiya-Ukrayna müharibəsində Rusiya qazının Avropaya çatdırılmasında xab rolunu Almaniya oynamalı idi. Amma Almaniya bundan imtina etdi, hazırda Türkiyə bu rolu oynayır. Təbii ki, bunlar da xeyli hazırlıq tələb edən məsələlərdir. Paralel olaraq da Azərbaycan qazının Balkan ölkələrinə daşınması. Türkiyənin üzərinə çox böyük yük düşür. Bu, illərlə hazırlanan proses deyil, bu, gözlənilməzdir. Bütün bunlar - danışıqlar, razılaşmalar, texniki hazırlıqlar, texniki-iqtisadi hesablamalar bir qədər vaxt aparır. Cənab Prezident söylədi ki, biz bunun daha tez başa çatmasını istəyirik. Strateji baxımdan Azərbaycan və Türkiyə müttəfiq dövlətlərdir. Burda heç bir başqa siyasi anlaşılmazlıqdan, ziddiyyətlərdən söhbət belə gedə bilməz. Gecikmə sırf prosesin gözlənilməz olması, birdən-birə tələbatın bu qədər artması səbəbindən oldu”.