Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Müəllimdən 5 manat istəyən direktor DANIŞDI - “2 il əvvəl yazdığı səsi indi yayıb ki, məndən...”

Tarix :
Müəllimdən 5 manat istəyən direktor DANIŞDI - “2 il əvvəl yazdığı səsi indi yayıb ki, məndən...”

Xəbər verdiyimiz kimi, Azərbaycanda daha bir məktəbin direktorunun səs yazısı yayılıb.

Ağsu rayon Xəlilli kənd orta məktəbinin direktoru Oqtay Bəylər oğlu Şıxıyev məktəbin Kəmalə adlı müəllimindən bir gün dərsə gəlmədiyi üçün 10 manat tələb edib. Direktor Oqtay Şıxıyev 10 manat əvəzinə 5 manat verən müəllimin həyat yoldaşı İsmayıldan qalan 5 manatı da istəyib.

Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsindən Lent.az-a bildiriblər ki, hazırda faktla bağlı araşdırma aparılır:

"Ötən gün yoldaşı həmin məktəbin müəllimi olan bir xanım tərəfindən bu video bizə göndərildi. Biz hazırda bununla bağlı araşdırmaya başlamışıq. Nəticə barədə məlumat veriləcək".

Məktəbin direktoru Oqtay Şıxıyev Cebhe.info-ya danışıb. Müəllimdən dərsə gəlmədiyi üçün pul tələb etməkdə ittiham olunan direktor saytımıza bildirib ki, səs yazısı pandemiya dönəminə aiddir:

“O səs yazısı iki il bundan əvvələ aiddir. İyun ayında müəllimlər məktəbə tabelə qol çəkməyə gəlirlər. Yəni iyun ayının 14-də məktəb bağlanır, amma işçilər işə gedib-gəlir, tabelə qol çəkirlər. Səs yazısı da köhnə olduğuna görə bilinmir ki, nə deyir, nə istəyir. O vaxt özü deyir ki, telefon cibimdə açıq qalıb. Orada deyir ki, mən rayondan kəndə gedib-gəlməyə 5 manatlıq benzin istifadə edirəm. Guya deyir ki, dərs yoxdu, uşaqlar artıq tətildədir, gündəlik gəlməyim. Müəllimlər iyul ayının 1-də məzuniyyətə çıxır, şagirdlər üçünsə dərs iyunun 14-ü bitir”.

Direktor deyir ki, səs yazısında məsələ başqadır. Heç bir pul tələb olunmaqdan, rüşvətdən söhbət getmir:

“Pul tələbi söhbəti olmayıb, sadəcə olaraq, o deyir ki, kənd rayon mərkəzindən uzaqdır, mənə hörmət elə, gündəlik gedib gəlməyim. Həftədə 1-2 dəfə, iki həftədən bir gəlim, qol çəkim. Yəni hər gün gələndə 5-10 manatlıq benzin istifadə etməyim. Mən ondan heç bir şey istəməmişəm, orada pul söhbəti, “bu qədər ver” kimi söhbətlər, rüşvət söhbəti olmayıb. Bu, o vaxt olan söhbətdir”.

O, müəllimin həyat yoldaşının dərs azlığına görə iki ildən sonra həmin səsi yaydığını bildirdi:

“İki ildir səs yazısını özündə saxlayıb ki, nəsə olarsa, istifadə etsin. İndi dərs bölgüsü zamanı verilən dərslə kifayətlənməyib, belə edib. Mən nə edə bilərəm ki, qanun yol vermir. İki ibtidai sinif müəllimi var, biri də Kəmalə müəllimdir. O deyib ki, 5-10 manatlıq benzin işlədirəm, mənə hörmətin olsun. Mən də necə edim, yoldaşlar var axı, onlar deyirlər ki, filankəs 3 gündür gəlmir, ona imkan verirsən, bizə yox. Mən də buna imkan verməmişəm. O da indi həmin səsi istifadə eləyib ki, müəllimin dərsini artırım. Mənim də onu artırmaq imkanım yoxdur. I və III siniflər komplekt sinifdir, iki müəllim var. Dərsi də elə bölmüşəm. Həmin söhbətdə demişəm ki, mən də rayona gedəndə havayı getmirəm ki, maşına benzin işlədirəm. İş burasındadır ki, gəlib-gedirsənsə, benzin işlətməlisən. Pul söhbəti olmayıb”.