Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Elman Nəsirov: “İsraildə Azərbaycan səfirliyinin gələn il açılması planlaşdırılır”

Tarix :
Elman Nəsirov: “İsraildə Azərbaycan səfirliyinin gələn il açılması planlaşdırılır”

“Azərbaycanın İsraildə səfirlik açması heç bir üçüncü dövlətə qarşı deyil. Bir çoxları hesab edir ki, səfirliyin açılması İrana qarşı atılmış addımdır. Azərbaycan dövləti hələ ki Ermənistan istisna olmaqla, bütün qonşuları ilə mehriban münasibətlərin saxlanılmasında maraqlıdır, strateji tərəfdaşlıq münasibətləri qurub. Biz İranla da analoji münasibətlərə malik olmuşuq. Amma nə edək ki, İran bu məsələlərdə fərqli mövqedən davranır. Xüsusilə, müharibədən öncə, müharibə dövrü və sonrakı dövrlərdə ermənipərəst davranışını artıq gizlətmədi. İş o yerə gəlib çatdı ki, İranın Ermənistanda səfirliyi ola-ola, Ermənistana qarşı sevgisinin ifadəsi olaraq, hələ bir Qafanda da gəlib Konsulluq açdı. Belə olan halda, İran tərəfinin Azərbaycanı İsraildə səfirlik açdığına görə ittiham etməyə heç bir əsası yoxdur. Azərbaycanın atdığı bütün addımlar milli dövlətçilik maraqlarına xidmət edir və Azərbaycan heç bir üçüncü tərəfi hədəf almayıb”.
 
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
Deputat bildirib ki, Azərbaycan regionda sabitliyin, təhlükəsizlik mühitinin formalaşmasının tərəfdarıdır və bu prosesə  töhfəsini verir: “Azərbaycan-İsrail əməkdaşlığı, İsraildə səfirliyin açılması da eyni məqsədə xidmət göstərir. Azərbaycanın İsraildə səfirlik açması məsələsi həm dövlət siyasətidir, həm də ictimai sifarişdir. 30 illik müstəqillik tariximizə qiymət versək, görərik ki, tarixin, demək olar, bütün hallarında İsrail-Azərbaycan münasibətləri nümunəvi xarakter daşıyıb, strateji tərəfdaşlıq mahiyyətinə malik olub və fundamental məsələlərdə iki ölkə də ortaq mövqedən çıxış edib. Müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri də 1991-ci il dekabrın 25-də məhz İsrail olub. 1992-ci ilin aprel ayında iki dövlət arasında diplomatik münasibətlər qurulub. Həmin dövrdən indiyədək bu münasibətlərdə hər hansı bir gərginlik, ziddiyyət qeydə alınmayıb. Əksinə, münasibətlərimiz həmişə müsbət inkişaf dinamikasına malik olub. Vətən müharibəsində qazandığımız tarixi qələbəmiz isə sözün həqiqi mənasında bizə dostlarımızın kim olduğunu, kimlərin isə yumşaq desək, dost olmadığını üzə çıxardı. Dostlarımızın sırasında ön cərgədə dayanan dövlətlərdən biri də İsrail oldu”.
 
E.Nəsirov vurğulayıb ki, Azərbaycan-İsrail münasibətləri bütün sferalarda inkişaf dinamikasına malikdir: “Xüsusilə enerji təhlükəsizliyi məsələlərində İsrailin neftə olan tələbatının 40%-ni Azərbaycan dövləti ödəyir. Biz İsraildən 5 milyard dollarlıq çox müasir beşinci nəsil silahlar və hərbi texnika almışıq. Bunu xüsusi qeyd etmək lazımdır. İsrailin Prezidenti bu ilin aprel ayında cənab Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda vurğulamışdı ki, 2023-cü ildə cənab İlham Əliyevi İsraildə görmək istəyirlər, İsrail səfirliyinin açılması mərasimində onun iştirakını gözləyirlər. Məsələyə bu məntiqlə yanaşsaq, gələn il İsraildə Azərbaycan səfirliyinin açılması planlaşdırılır”.