Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Deputat Ərdoğanın Zəngilana səfərinin əhəmiyyətindən DANIŞDI

Tarix :
Deputat Ərdoğanın Zəngilana səfərinin əhəmiyyətindən DANIŞDI

"Bu, Azərbaycanın Qarabağ bölgəsində istifadəyə verdiyi ikinci beynəlxalq hava limanıdır. Bundan əvvəl Füzulidə hava limanının açılışı olmuşdu. Qarabağda bu hava limanlarının istifadəyə verilməsi tarixi hadisələrdir".
Bunu açıqlamasında deputat Elman Nəsirov Zəngilan Beynəlxalq Hava Limanının açılışının strateji əhəmiyyətindən danışarkən deyib. O bildirib ki, qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirakının böyük mənası, siyasi əhəmiyyəti və çəkisi var:
"Sonuncu Praqa danışıqlarından sonra Fransa Prezidenti Emmanuel Makron təxribatçı bəyanatlarla çıxış edərək Azərbaycanı ittiham etdi. Əsas fikri bu oldu ki, Fransa hər zaman Ermənistanın yanındadır. Bu reallıqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılışına gəlişi Ermənistana, dünya ictimaiyyətinə, xüsusilə, Emmanuel Makrona və Fransa ictimaiyyətinə çox ciddi mesajdır ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Ən ciddi mesaj isə odur ki, ağlınızı başınıza yığın, səhv addımlar atmayın, əməkdaşlığa köməklik edin, regionda qarşıdurma mühiti yaradan toxumlar səpməyin. Azərbaycan və Türkiyə qardaşlığı, dostluğu əbədidir, sarsılmazdır. Heç kim bizim aramıza girməyə çalışmasın. Heç kim bizimlə təzyiq və hədə ilə danışmasın. Türkiyə və Azərbaycan hər zaman bir yerdədir". 
Deputat qeyd edib ki, Türkiyə bu gün dünyada mühüm güc mərkəzinə çevrilib: 
"Türkiyə beynəlxalq sülhə və təhlükəsizliyə misilsiz töhfələr verir. Rusiya-Ukrayna müharibəsində heç bir dünya lideri önə çıxıb Yaxın Şərq və Afrika ölkələrini cənginə almış total aclığın qarşısının alınması istiqamətində addım atmadı. Bu addımı Türkiyə lideri atdı və İstanbul sazişini imzaladı. 350-dən çox yük gəmisi Yaxın Şərq və Afrika ölkələrinə buğda çatdırdı. Rusiya-Ukrayna müharibəsinin gedişatında hərbi əsirlər problemi var idi. Onu da Ərdoğan həll etdi. Bu gün Türkiyə 4 milyondan çox qaçqına qucaq açıb ki, onların hamısının ünvanı Avropa ölkələri olmalı idi. Türkiyə onları qəbul edərək 30 milyard dollardan çox vəsait xərcləyib. Həmçinin, Cənubi Qafqazda sülhün əldə edilməsi üçün Türkiyə Prezidenti tayı-bərabəri olmayan fəaliyyət nümayiş etdirir. Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılışına qatılması sülh gəlişidir, əminamanlığa, təhlükəsizliyə xidmət edir. Bu, müharibəyə çağırışla bağlı gəliş deyil. Bunu dünya qəbul etməli və bilməlidir. Bunları nəzərə alaraq belə bir təkliflə çıxış etdim ki, bütün bu xidmətləri nəzərə alıb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn il Beynəlxalq Sülh Mükafatına layiq görülməsi ən ədalətli qərar olardı".