Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Tezliklə Xankəndində Azərbaycan bayrağı dalğalanacaq” - Deputatın şərhi

Tarix :
“Tezliklə Xankəndində Azərbaycan bayrağı dalğalanacaq” - Deputatın şərhi

Noyabrın 16-da Prezident İlham Əliyev "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı təsdiqləyib. Dövlət proqramında bir sıra mühüm məqamlar yer alıb ki, onlardan biri də Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsidir. Belə ki, 2025-ci ilə qədər Ağdamdan Xankəndinə qaz kəmərinin çəkilməsi, onun üzərində qaztənzimləyici məntəqələr quraşdırmaqla kəmərin qollarının tikintisi planlaşdırılır. Tikinti işlərini Dövlət Neft Şirkəti (SOCAR) icra edəcək. Digər icraçılar isə Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. 

Milli Məclisin deputatı Elman Nəsirov Qaynarinfo-ya açıqlamasında bildirib ki, təsdiqlənən dövlət proqramı uzağı 2025-2026-cı illərdə Xankəndinin də Azərbaycan bayrağının dalğalanacağını göstərir: 

"Artıq ölkə Prezidenti "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı qəbul etdi. Bu sənəd 2022-2026-cı illərdə görüləcək işlərlə bağlı məsələləri ehtiva edir. 2023-cü ilin dövlət büdcəsi layihəsində işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulmasına 3,3 milyard manat vəsait ayrılıb ki, bu da cari illə müqayisədə 330 milyon manat artıqdır. Dövlət Proqramını da bu mənada həmin istiqamətdə görüləcək işlərin yol xəritəsi hesab etmək olar. 




Burada ən çox diqqəti çəlb edən məqamlardan biri də Ağdamdan Xankəndinə qaz xəttinin çəkilməsi məsələsidir. Xankəndi və ətraf ərazilər 30 il ərzində işğalda olduğu müddətdə qaz xətti ora Ermənistandan gəlirdi. Amma ilk dəfə tarixi ərazimiz olan Xankəndinə qaz Azərbaycandan veriləcək. Bu isə həmin ərazidə Azərbaycanın suveren hüququnun bərpası anlamına gəlir. 

Azərbaycan Prezidenti onu da qeyd edib ki, rus sülhməramlı qüvvələrin Qarabağda mövcudluğunun konkret müddəti var. Bu müddət 2025-ci ildə bitir. Dövlət Proqramı isə 2026-cı ilə qədər olan dövrü əhatə edir. Hesab edirəm ki, hazırda paralel şəkildə Rusiya sülhməramlı qüvvələrin Qarabağdan çıxması prosesi və onun məntiqi davamı olaraq həmin ərazilərə qaz çəkilişi və Xankəndinin tam şəkildə Azərbaycan yuridiksiyasına keçməsilə bağlı prosesin konturları cızılmaqdadır. Böyük Qayıdışla bağlı Dövlət Proqramı da eyni məntiqlə hazırlanıb. Bu o deməkdir ki, 2025-2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzurun bütün məntəqələrində Azərbaycan bayrağı dalğalanacaq”.