
Əməkdar artisti Aygün Hümmətovanın (Bəylər) vəfatından günlər keçsə də, onun adı ətrafında gedən müzakirələr səngimək bilmir.
Mətbuatda və sosial şəbəkələrdə gah onun dəfn mərasimi, gah yeniyetmə qızına bank hesabı açılması ilə bağlı xeyli xəbərlərə rast gəlinir.
Ötən gün müxtəlif iddiaların yanına biri də əlavə olundu. Belə ki, sosial şəbəkələrdə mərhum sənətçinin başqa övladının olduğu iddia edildi.
Məsələ ilə bağlı mərhum sənətkarın prodüseri Sultan Mustafayevlə əlaqə saxladıq.
Yenisabah.az-a danışan prodüser bu iddiaları təkzib edib:
“Dayanmadan Aygün Bəylərin qızı haqqında danışırlar. Bu düzgün deyil. Hər kəsə müraciət edirəm, xahiş edirəm, artıq bu mövzunu bağlayın. Mərhum sənətçinin qızı hazırda bacılarının yanındadır. Hər şey qaydasındadır, kim nə yazırsa, fikir verməyin. Bu söhbəti bağlayaq. 14 yaşlı uşağı niyə bu qədər müzakirə edirlər? Yazıqdır, günahdır. Yalandan, ağıllarına gələni yazırlar. Allah belə şeyi qəbul etməz!
Aygün Bəylərin cəmi bir qızı var, o da Canandır. Kim sənətçinin ikinci övladı olduğunu deyirsə, qələt edir! Belə şayiələrə fikir verməyin. Hələ bundan sonra çox şey yazacaqlar. Məsəl var, deyirlər ölünün dalınca çox danışarlar. Biz bakılıyıq, bizdə belə şeylər yoxdur, sözü bir dəfə deyirik. İnşallah, mən də ən qısa zamanda mətbuat konfransı keçirib bütün suallara birdəfəlik cavab verəcəyəm və söz-söhbətlər bitəcək. Həmin vaxta qədər yazılan şayiələrə, lazımsız söz-söhbətlərə heç kəs inanmasın”.