Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Xətaidə 80 nömrəli “tikili”nin Allah ümidinə qalan sakinləri- Fotolar

Tarix :
Xətaidə 80 nömrəli “tikili”nin Allah ümidinə qalan sakinləri- Fotolar

Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 80 nömrəli binanın sakinləri təhlükə içərisindədir.
Əslində, həmin tikiliyə bina demək, ümumən bina anlayışına qarşı bir sayğısızlıq olar. Uçuq-sökük, qəzalı vəziyyətdə olan tikilidə yaşamağa məcbur olan sakinlər aylardır ki, Allahın ümidinə buraxılıb.
Bu barədə Proses.az-a müraciət edən sakinlər bildiriblər ki, binanın ümumi dəhlizinin tavanı uçduqdan sonra bir müddət Xətai Rayon İcra Hakimiyyətindən onlara kirayə pulu verilib ki, başqa yerdə qalsınlar. Deyiblər ki, həmin müddət ərzində də onlara ya yeni ev veriləcək, ya da bina söküləcək və yerində başqası tikiləcək. Ancaq sakinlər cəmi 2 ay kirayə pulu ala biliblər. Yenə də həyatlarını köhnə tikili, uçuq damla birləşdirməyə məcbur qalıblar.
Tikili hər an insanların başına uça bilər. Bu isə böyük faciə deməkdir və hadisə baş verdiyi təqdirdə müvafiq qurumlar inanmıram ki, bəhanə tapa bilələr. Gərçi bir çox məmurda bəhanə problemi yoxdur. Onlar bəhanəni istehsal edirlər, üyüdürlər, tükənməz sərvətləri kimi geninə-boluna “işlədirlər”… Ancaq heç olmasa ətraflarına və özləri kimi xalqın halına etinasız yanaşanların talelərinə baxsınlar. Bu gün Azərbaycan dövləti dünyaya səs salıb, böyük siyasi proseslərdə mərkəz rolunu oynayır. Bəzi xarici qüvvələr imkan düşdükcə dövlətin üzərinə hücum çəkir, yersiz bəhanələr, əsassız ittihamlarla imicimizə zərər vurmağa çalışırlar. Bəzi məmurlar da görünür həmin qüvvələrlə əlbirdir. Çünki əks təqdirdə vətəndaşı dövlətindən narazı salmazdılar. Onlar bəlkə də cənab Prezidentin “məmur xalqın qulluqçusudur” ifadəsini unudublar. Unudublarsa, vay onların halına…
Mövzuya qayıdaraq onu da qeyd edək ki, bu ilin may ayında binanın tavanının uçmasından sonra sakinlər mətbuata da müraciət ediblər.
Xətai rayon İcra Hakimiyyətindən Musavat.com saytına həmin ərəfədə bildirilib ki, binada uçqun yaranan zaman qurum orada təmizlik işləri aparıb. Lakin binanı söküb, yenidən tikmək və yaxud təmir etmək rayon icra hakimiyyətinin gücündə olacaq məsələ deyil:
“Bununla bağlı tərəfimizdən aidiyyəti orqanlara, o cümlədən “Bakı Abadlıq”, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil təsərrüfat departamentinə müraciət olunub, vəziyyət barədə ətraflı məlumat verilib. Yuxarı təşkilatlardan bizə nə göstəriş veriləcəksə, rayon icra hakimiyyəti olaraq, onu təmin edəcəyik”.
Bu açıqlamadan aylarla zaman keçib. Həmin aylar ərzində sakinlərin necə yaşadığını isə soruşan olmayıb…
Ümid edirik ki, nəhayət, sakinlərin vəziyyətinə baxılacaq və onlar normal evlə təmin edilib, təhlükədən kənar yaşayacaqlar.