Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ermənidən çox ermənilik edən FRANSA - "Məsələ ilə bağlı Azərbaycan sərt qərarlar qəbul etməlidir"

Tarix :
Ermənidən çox ermənilik edən FRANSA - "Məsələ ilə bağlı Azərbaycan sərt qərarlar qəbul etməlidir"

“Fransa Senatının anti-Azərbaycan qətnaməsi qəbul etməsinin ideya müəllifi Fransa Prezidenti Emmanuel Makrondur”.

Bu sözləri Fransa Senatının hökuməti qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycan rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul etməsinə münasibət bildirən Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Elman Nəsirov açıqlamasında deyib.
Elman Nəsirov bildirib ki, Azərbaycanın Fransanın Əlcazairdə törətdiyi soyqırımı tanıması aktuallaşa bilər:
“Fransa Senatının noyabr ayının 15-də anti-Azərbaycan qətnamə qəbul edəcəyi gözlənilirdi. Gözlənilənlər də baş verdi. Fransa Senatının simasını dəfələrlə görmüşük. İkinci Qarabağ müharibəsi dövründə də ondan sonra da anti-Azərbaycan qətnamələri qəbul ediblər. Qarabağdakı qondarma rejimi yaradan Ermənistan dövləti o qondarma rejimi tanımayıb, ancaq Fransa Senatı tanıyıb. Bu Roma papasından çox katolik olmaq istəyinə oxşayır. Bu ermənidən çox erməni olmaq deməkdir. Hesab edirəm ki, Fransa Senatının anti-Azərbaycan qətnaməsi qəbul etməsinin ideya müəllifi Fransa Prezidenti Emmanuel Makrondur. Təşəbbüs ondan gəlib, onun dirijor çubuğu altında qətnamə qəbul edilib. Hazırda həmin qətnamənin hüquqi gücü yoxdur. Qətnamənin hüquqi gücü olması ilə bağlı Fransa hökuməti ondan irəli gələn məsələlərlə bağlı addımlar atmalıdır. Güman edirik ki, Fransa hökuməti buna getməyəcək. Çünki bunun qəbul edilməsi Fransanın regionla bağlı maraqlarına ziddir”.
Deputat qeyd edib ki, məsələ ilə bağlı Azərbaycan sərt qərarlar qəbul etməlidir:
“Rəsmi Bakı məsələ ilə bağlı etirazını bildirib. Bu gün parlamentdə bu məsələlərlə bağlı həmkarlarımız Fransa Senatının hərəkətini kəskin tənqid edib.
Azərbaycan – Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi mövqeyim odur ki, təsir əks təsirə bərabərdir. Fransa Senatı belə qərar qəbul edibsə, biz də onlara adekvat cavab verməliyik. Fransa 1768-ci ildə Aralıq dənizindəki Korsika adasını işğal edib. 300 ildir Korsika xalqı azadlıq uğrunda mübariz aparır. Fransa onları terroçu, separatçı adlandırır. Necə ola bilər ki, bir ərazini işğal edirsən və onun azadlıq mübarizəsini qan içərisində yatırdırsan, Qarabağdakı ermənilərin isə azadlıq mübarizəsini dəstəkləyirsən?! Bu məntiqlə hesab edirəm ki, Azərbaycan parlamenti də bu məsələləri gündəmə gətirməli və mövqe bildirməlidir.
Eyni zamanda Fransanın 48 kaloniyası olub, Əlcazairi də öz tərkib hissəsi bilirdi. Fransa Əlcazair xalqının azadlıq mübarizəsini yatırtmaq üçün iki milyona yaxın əlcəzairlini qətlə yetirib soyqırım törədib. Belə olan təqdirdə Azərbaycan parlamenti də bu məsələyə münasibət bildirməli, dinləmələr keçirməlidir. Hətta o soyqırımın tanınması məsələsi aktuallaşa bilər”.