Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Biz bunu çox yüksək qiymətləndiririk" - İlham Əliyev

Tarix :
"Biz bunu çox yüksək qiymətləndiririk" - İlham Əliyev

"Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız da bizim əlaqələrimizi gücləndirir. Siz qeyd etdiniz ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub, biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatında deyib.
Dövlət başçısı bildirib ki, biz İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq öz əzəli torpaqlarımızı işğalçılardan azad etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik:
"Siz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə toxundunuz. Qeyd etməliyəm ki, bu qətnamələr 1993-cü ildə qəbul olunmuşdur. Ancaq bu qətnamələr 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilməmişdir. Baxmayaraq ki, dəfələrlə Azərbaycan məsələ qaldırmışdır ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilsin, Ermənistan cəzalandırılsın. Çünki Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib. Mən Sizə məlumat verdim ki, ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan - inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar.
Biz bu məsələni təkbaşına həll etdik, ədaləti bərpa etdik və azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır. Biz bu torpaqlara qayıtmışıq və bu torpaqlara həyat qayıdır. Xalqımız, dövlətimiz üçün əsas olan məsələdə ölkənizin bizə dəstək verməsi, əlbəttə ki, bizim üçün çox önəmlidir və bir daha buna görə Sizə təşəkkürümü bildirmək istəyirəm".