İmran Xan noyabrın 28-də hakim qarşısına çıxacaq – “Reuters”

Tarix :
İmran Xan noyabrın 28-də hakim qarşısına çıxacaq – “Reuters”

Pakistanın keçmiş baş naziri, müxalifət partiyası olan “Ədalət Hərəkatı”nın (“Təhriki-İnsaf”) lideri İmran Xan noyabrın 28-də “Rəsmi sirlər haqqında” qanunu pozduğu iddiası ilə məhkəmə qarşısına çıxacaq.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məhkəmə iclası İslamabaddakı Federal Məhkəmə Kompleksində keçiriləcək. İclasda iştirak sabiq baş nazirin 2023-cü ilin avqustunda həbs olunduqdan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxışı olacaq.
Qeyd edək ki, İslamabad məhkəməsi keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşinin iştirakı ilə keçirilən açıq dinləmədə onlara qarşı irəli sürülən ittihamların yenidən araşdırılmasına göstəriş verib. Ehtimal olunur ki, dinləmə bir ay çəkəcək və bundan sonra hökm elan olunacaq.
Digər tərəfdən, Pakistanın Ali Məhkəməsi bu həftə Xanın girov tələbini qəbul edib və ona baxmağa başlayıb.
Xan və Qureşinin məhkəməsi Federal Təhqiqat Agentliyinin onlara qarşı “Xarici İşlər Nazirliyinin diplomatik şifrəsindən siyasi məqsədlər üçün istifadə etməklə” 1923-cü il Dövlət Sirləri Aktını pozmaq ittihamına əsaslanır. İstintaq Xanın 2022-ci il martın 27-də Pakistanın Vaşinqtondakı səfirindən şifrəli teleqram aldığını açıq şəkildə elan etməsindən sonra başlayıb. Səfirin sözlərinə görə, ABŞ nümayəndələri diplomatik missiyanın rəhbəri ilə söhbətdə 2022-ci ilin fevralında Moskvaya səfəri zamanı nümayiş etdirdiyi Ukrayna ilə bağlı Rusiyayönlü mövqeyinə görə baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasını tövsiyə ediblər.
Xatırladaq ki, Xan korrupsiya iddialarına görə ona etimadsızlıq səsverməsindən sonra 2022-ci il aprelin 10-da hökumət başçısı vəzifəsindən kənarlaşdırılıb. Daha sonra Xan qeyd olunan şifrəli diplomatik teleqramı istintaqa təqdim edə bilməyib və bu sənədin itdiyini bildirib.