
Belarusun İstintaq Komitəsi Latviya ilə sərhəddə 12 ölü qaçqının tapıldığını bildirib. Bu cəsədlərin hansı dövrdə aşkar edildiyi barədə məlumat verilmir. Belarusda "insanlığın təhlükəsizliyinə qarşı cinayətlər” maddəsi ilə cinayət işi açılıb.
Bu barədə Belarusun İstintaq Komitəsinin "Telegram" kanalında məlumat dərc edilib.
"12 nəfər artıq Latviya hakimiyyətinin irqi nifrət, ayrı-seçkilik və zorakılığı təbliğ edən dominant ideologiyasının qurbanı olub. Onlar üçün sərhədi keçmək cəhdi ölümcül oldu”, deyə Belarus İstintaq Komitəsinin bəyanatında bildirilir.
Belarus İstintaq Komitəsinin nümayəndəsi iddia edir ki, muzdlular və "Avropa İttifaqının cəza taborları” Latviya sərhədində "miqrantlara qarşı xüsusi qəddarlığı və çılğınlığı ilə seçilir”. Belarus tərəfinin fikrincə, Latviya miqrantlara qarşı zorakılıq, "silahla qovma”, işgəncə və zorakılıqdan istifadə edir.
Xatırladaq ki, oktyabrın sonunda Latviya və Belarus sərhədində İrandan olan qaçqınların iki cəsədi tapılıb. Hadisə barədə ilk olaraq Latviya sərhədçisi məlumat verib. Verilən məlumata görə, qaçqınlar Belarusdan ölkəyə daxil olmağa çalışıblar və onlar özləri ilə meşədən iki cəsəd daşıyıblar. İki gün sonra Belarus Dövlət Sərhəd Komitəsi qaçqınların ölümündə Latviya sərhədçilərini günahlandırıb.
