Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Ermənilər yenə müharibə istəyirsə, bu o deməkdir ki...” - deputatdan açıqlama

Tarix :
“Ermənilər yenə müharibə istəyirsə, bu o deməkdir ki...” - deputatdan açıqlama

Elman Nəsirov: “Ermənistan Zəngəzur dəhlizini açmasa, ultimatumdan nəticə çıxarmasa, hadisələr ən mürəkkəb ssenari ilə inkişaf eləyə bilər”
Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının Astanada keçirilən son iclasında Ermənistanı 10 noyabr Üçtərəfli Bəyanatın mühüm bəndlərini yerinə yetirməməkdə, o sırada Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxışı təmin etməməkdə ittiham edib. Həmçinin erməni silahlı qüvvələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığını xüsusi vurğulayıb və “Biz hələ ki səbir edirik, ancaq səbrimiz sonsuz deyil” deyib.  
Ermənistanın isə bütün xəbərdarlıqlardan nəticə çıxarmaq istəmədiyini təsdiqləyən məlumatlar yayılmaqdadır. Bir tərəfdən Ermənistanın Azərbaycanla sərhədə artilleriya qurğularını cəmləşdirdiyi, digər tərəfdən, sərhədə silahlı birləşmələri ilə yanaşı muzdluları da yerləşdirməyə başladığı haqda məlumatlar yayılır. Az qala son günlər hər gün atəşkəs pozuntusuna yol vermələri isə adi hal alır. Beləliklə, Azərbaycanın əsəbləri hər gün bir qədər də tarıma çəkilir.
Milli Məclisin deputatı Elman Nəsirov bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistanın siyasi, hərbi rəhbərliyi 2020-ci il 10 noyabr tarixində əldə edilmiş razılaşmanın bir sıra bəndlərini pozmaqda, ona əməl etməməkdə davam eləyir: “Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Astana toplantısında çox prinsipial, qətiyyətli və sərt şəkildə bildirdi ki, Ermənistan silahlı birləşmələri Azərbaycan ərazisindən tam şəkildə çıxarılmalıdır, eyni zamanda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolunun, kommunikasiyanın Zəngəzur dəhlizi vasitəsilə əldə edilməsi reallaşmalıdır. Azərbaycan Prezidenti ”bizim səbrimiz sonsuz deyil" deməklə bir daha bəyan etmiş olub ki, Ermənistan 10 noyabr razılaşmasının tələblərinə əməl etməsə, Azərbaycanın güc tətbiqindən başqa çarəsi qalmayacaq. Bunu Ermənistanın siyasi və hərbi rəhbərliyi dərk etməlidir. Bilməlidirlər ki, Azərbaycan dövlətinin liderinin xəbərdarlığından nəticə çıxarılmayanda dəmir yumruğun işə salınması qaçılmazdır. Prinsip etibarilə Ermənistan dövlətinin siyasi rəhbərliyi Azərbaycan tərəfinin cari ilin mart ayında təqdim etdiyi sülh sazişinin imzalanması ilə bağlı 5 baza prinsipini qəbul eləyib. Həmin 5 baza prinsipindən biri də məhz Azərbaycanın əsas hissəsindən Naxçıvana çıxışın təmin edilməsi ilə bağlıdır. Ermənistan bu prinsipi qəbul eləyib. Amma təəssüf ki, bir çox hallarda öz davranışı ilə özünün qəbul etdiyi bu prinsipin əleyhinə çıxır və bu prinsipin fərqli bir interpresiyasını həyata keçirmək istəyir".
Deputat qeyd etdi ki, Azərbaycan tərəfi isə artıq Zəngəzur dəhlizinin reallaşması ilə bağlı operativ addımlar atmaqdadır. 2023-cü ildə artıq Ermənistan sərhədinə qədər Zəngəzur dəhlizinin işə salınması üçün lazım olan işlər yekunlaşacaq. Yəni dəmir yolu və avtomobil yolu tikilib başa çatdırılacaq. Eyni zamanda Azərbaycan dövlətinin mövqeyi ondan ibarətdir ki, söhbət Zəngəzur dəhlizinin hüquqi statusu ilə bağlı məsələlərdən söhbət gedirsə, burada da əslində hər şey aydındır: “Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçdiyinə görə Ermənistanın suveren hüquqları o ərazidə işləyir. Eyni zamanda Laçın dəhlizi Azərbaycan ərazisi olduğundan Laçın dəhlizində də Azərbaycanın qanunları, suveren hüquqları işləyir. O ki qaldı nəzarət-buraxılış məntəqələrinə, burada da eyni yanaşma olmalıdır. Zəngəzur dəhlizi ilə bağlı yanaşma necə olacaqsa, Laçın dəhlizi ilə bağlı da o cür yanaşma olmalıdır. Pasport rejimi məsələsində də eyni yanaşma tətbiq edilməlidir. Bu, Azərbaycan dövlətinin prinsipial və qəti mövqeyidir. Ermənistan tərəfi isə yenə də bu razılaşmaların məntiqinə tamamilə zidd olan təkliflərlə çıxış edir. Son təkliflərinə görə Ermənistan-Azərbaycan sərhədində üç nəzarət buraxılış məntəqəsi qurulmalıdır. Özü də bunu məhz Zəngəzur dəhlizi üzərində nəzərdə tuturlar. Laçın dəhlizinə isə nəzarət-buraxılış məntəqələrini Ermənistan qəbul etmək istəmir”.
E.Nəsirov dedi ki, Ermənistanın pozuculuq istiqamətində davranışları bütün bu qeyd olunanlarla da bitmir. Ermənistan təxminən 45 kilometrlik Zəngəzur dəhlizinin inşası üçün texniki hazırlıq işlərinə də başlamır. Bu iş üçün vəsait ayrılmalıdır, bunu da etmir: “Ermənistan çalışır ki, bu proses maksimum yubansın. Sülh müqaviləsinin imzalanmasını da bu şəkildə yubatmaq istəyirlər. Əksinə, Azərbaycanla sərhədə artilleriya qurğularının, muzdluların yerləşdirilməsi ilə bağlı məlumatlar daxil olmağa başlayıb. Bu nə deməkdir?! Ermənistan müharibəyəmi hazırlaşır?! Hansı gücü, hansı potensialı ilə?! Ermənistan yenə müharibə istəyirsə, bu o deməkdir ki, özü öz məhvinə çalışır. Azərbaycan Prezidenti Ermənistana ultimatumunu verib. Ermənilər bundan nəticə çıxarmasalar, hadisələr ən mürəkkəb ssenari ilə inkişaf eləyə bilər. Bu isə Ermənistan üçün daha dəhşətli fəlakətlə nəticələnəcək”,