
"Sentyabrın 7-sini gözləyirik. Ayın 7-si Hüseynlə danışmağımızdan bir ay ötür. Dua edirik ki, heç məlumata ehtiyac qalmasın, o vaxta qədər uşaqları gətirsinlər. Məlumatı neynirik axı”.
Bu sözləri Cebhe.info-ya Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.
O, bir aya yaxındır yeni bir məlumatın olmadığını vurğulayıb:
“Heç bir xəbər yoxdur, heç kim bizə bir məlumat vermir. Əslində, ayda bir dəfə deyiblər, amma iki aydan bir xəbər verirlər. İki ay yarım idi məktub göndərmişdik, o müddətdən sonra danışdırdılar”.
Onun sözlərinə görə, oğlu ailənin ona yazdığı məktub haqqında heç bir söz deməyib:
“Mən danışanda sual verdim ki, məktubumu oxudun, o da yox dedi. Bəlkə, danışdığımıza görə hələ ona verilməyib. Elə həmin gün məktub yazmışdı ki, ana, ağlama, sağal, xəstəxanadan çıx ki, mənim işimin arxasınca gedəsən. Yaxşı olacaq, dua elə, yazmışdı. Mən ona suallar yazmışdım, onlara cavab verməyib, ümumiyyətlə, məktub barəsində heç nə deməyib, yazmayıb. Bilmirəm, bəlkə də məktubu oxumamışdı”.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunaraq həbs ediliblər.
Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.
