Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Belə söhbətlər mənə çox toxunur” - Yaşar Nurinin xanımı

Tarix :
“Belə söhbətlər mənə çox toxunur” - Yaşar Nurinin xanımı

Dünyadan köçmüş sənətçilərin ailələri tez-tez sosial vəziyyətləri ilə bağlı gileylənirlər. Xüsusilə mərhum aktyorların ailələri maddi çətinlik yaşadıqlarını bildirərək mədəniyyət qurumlarının onlarla maraqlanmadığını iddia edirlər.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva dövlətin həmin insanların ailələrinin durumları ilə maraqlanmasının vacib olduğunu bildirib.
O, vaxtilə dövlət mükafatı alan sənətçilərin ailələrinin də həmin pulu almalı olduğunu qeyd edib:
“İnsanlara diqqət lazımdır. Mən istəmirəm məsələni ancaq maddiyyata yönəldim, onsuz da hamı dolana bilir, çətinliklə yaxud rahat. Bütün nazirliklərdə insanlar pensiyaya çıxdıqda onlara pul ödənilir. Mədəniyyət sahəsində həyatını itirən aktyorların heç birinə dövlət mükafatı verilmir. Nazirliyin adi bir işçisi 700-800 manat alır, pensiyalar isə 275 manatdır. Nə deyəsən? Bir qərar çıxmalıdır ki, həyatını itirmiş aktyorların ailələrinə müəyyən məbləğ ödənsin. Ulu Öndər  Heydər Əliyev vaxtilə onlara mükafat vermişdi, onlar 1200-1400 manat pul alırdılar, heç olmasa, indi o pulun yarısı onların ailələrinə verilsin. Onlar da istədikləri kimi həmin pulu istifadə edə bilsinlər. Niyə hansısa mərhum aktyorun həyat yoldaşı mənə zəng vurub deməlidir ki, hansısa evdə iş varsa, mənə yönləndir, gedim yığışdırım. Belə söhbətlər mənə çox toxunur.
Aktyor ailələrinə qarşı çox diqqətsizlik var. Təsdiq olunmalıdır ki, vaxtilə dövlət mükafatı alan sənətçilərin ailələri indi o pulu alsınlar. Şəxsən mən çıxış yolunu bunda görürəm”.