Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Prezidentin fəaliyyəti tarixi zəfərin əldə edilməsində müstəsna rol oynadı – MÜSAHİBƏ

Tarix :
Prezidentin fəaliyyəti tarixi zəfərin əldə edilməsində müstəsna rol oynadı – MÜSAHİBƏ

Milli Məclisin deputatı Elman Nəsirov Publika.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
– Elman müəllim, dünən Zəfər Gününün ikinci ildönümü qeyd olundu. Bu qələbənin əldə edilməsində Prezident İlham Əliyevin Ali Baş Komandan kimi oynadığı həlledici rol barədə nələri qeyd edə bilərsiniz?
– Erməni faşizmi üzərində tarixi qələbəmizin ikinci ildönümü tamam oldu. Noyabr ayının 8-də xalqımız, dünya azərbaycanlıları, Azərbaycanın bütün dostları tarixi zəfərimizi qeyd etdi. Bu, doğrudan da tarixə qızıl hərflərlə yazılmış bir hadisədir. Tarixi qələbəmizin üç qəhrəmanı var. Bu, ilk növbədə müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Onun formalaşdırdığı yenilməz ordudur və dəmir yumruğa çevrilmiş Azərbaycan xalqıdır. Qələbənin təmin edilməsində bu üç qüvvənin vəhdəti həlledici rol oynadı. Hesab edirəm ki, həm Azərbaycan Prezidenti cənab İlham Əliyevin, həm onun formalaşdırdığı şanlı ordu və xalqımız öz adını ölkəmizin, eləcə də dünyanın hərb tarixinə birdəfəlik həkk etmiş oldu. Təbii ki, bu tarixi zəfərin əldə edilməsinin bir sıra çox mühüm fundamental səbəbləri var. Onların içərisində mən ordu quruculuğu məsələlərinə diqqəti cəlb etmək istəyirəm. Cənab prezidentin bir nömrəli strateji vəzifəsi torpaqlarımızın işğaldan azad edilməsi idi. Onun əldə edilməsi üçün təbii ki, güclü orduya malik olmaq lazım idi. Bu məqsədin reallaşdırılması üçün çox böyük işlər həyata keçirildi. Nəzərə alsaq ki, 2003-cü ildə cənab İlham Əliyev dövlətimizə rəhbərlik etməyə başlayarkən büdcədə hərbi xərclərimiz 135 milyon dollar təşkil edirdi, indi isə 2,7 milyard dollar çatıb. Gələn ilin büdcə layihəsində isə hələ ki, 3 milyard 130 milyon müəyyən edilib. Demək, hərbi xərclərin artırılması səbəbsiz deyilmiş. Bundan əlavə 20-dən artıq hərbi zavodun işə salınması, 1200 adda hərbi təyinatlı məhsulların istehsal edilməsi, ordunun döyüş ruhunun gücləndirilməsi, qələbə əzminin artırılması, orduda mənəvi-psixoloji ruhun davamlı şəkildə möhkəmləndirilməsi nəticə etibarilə tarixi qələbəmizin əldə edilməsində müstəsna rol oynadı.
– “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!”, - bu sözləri vaxtilə ulu öndər Heydər Əliyev demişdi. Bu baxımdan Prezident İlham Əliyevin formalaşdırdığı güclü Azərbaycan iqtisadiyyatının zəfərin əldə olunmasında payı barədə fikirlərinizi bilmək istərdik...
– Mən tarixi qələbəmizin əldə edilməsində əsasən ordu quruculuğu məsələlərini qabartdım. Amma güclü ordunun formalaşdırılması üçün ölkənin güclü iqtisadiyyatı olmalıdır. Güclü iqtisadiyyatı olmalıdır ki, ən müasir, beşinci nəsil silah-sursatları ala bilsin. Eyni zamanda hərbi zavodlar inşa edə bilsin. Bunun üçün ölkənin güclü iqtisadiyyatı lazımdır. Güclü iqtisadiyyat həm də güclü ordu deməkdir. Cənab prezidentin əsas hədəflərindən biri o oldu ki, Azərbaycanda güclü iqtisadiyyat olmalıdır. Çünki güclü iqtisadiyyat nəticəsində dövlətin müstəqil siyasəti formalaşır. Ayrı-ayrı güc mərkəzlərindən və beynəlxalq maliyyə qurumlarından iqtisadi baxımdan asılı olan dövlət diktə altında fəaliyyət göstərir. Ancaq Azərbaycan dövləti, onun rəhbəri müstəqil siyasət həyata keçirir. Biz öz iqtisadi gücümüzə söykənirik. Biz güclü iqtisadiyyat formalaşdırmışıq. Qeyri-neft sektorunun inkişafını hədəf seçmişik. Biz ixracyönümlü iqtisadiyyat formalaşdırmağı məqsədli olaraq həyata keçirməkdəyik. Bütün bunlar Azərbaycana çox böyük valyuta axınını təmin etmiş, nəticədə ölkəmizin güclü iqtisadiyyatı formalaşmış, bunun sayəsində də Azərbaycan həm müstəqil siyasət həyata keçirir, nəticə etibarilə tarixi zəfərimizin əldə edilməsi üçün çox mühüm fundamental addımlar atılıb və əsaslar yaradılıb. Xalqımız bunu görür və dəyərləndirir.
– Prezident İlham Əliyevin yürütdüyü fəal xarici siyasətin, aktiv hücum diplomatiyasının Vətən müharibəsindəki qələbədə payı barədə də mövqeyinizi bizimlə bölüşməyinizi xahiş edərdik…
– Tarixi zəfərin əldə edilməsində ölkə prezidenti cənab İlham Əliyevin təkcə müzəffər Ali Baş Komandan deyil, həm də mahir diplomat kimi xidmətlərini xüsusi vurğulamaq istəyirəm. Cənab prezident ikitərəfli münasibətlər formatını xarici siyasətimizin mühüm prioriteti elan etdi. Bizim ayrı-ayrı dövlətlərlə ikitərəfli yüksək səviyyəli münasibətlərimiz üçtərəfli, dördtərəfli, bütövlükdə çoxtərəfli münasibətlərimizi şərtləndirdi. Çoxtərəfli münasibətlərimizdən bəhs edərkən, təbii ki, beynəlxalq təşkilatlarla münasibətlər ön plana keçir. Həmin siyasətin sayəsində Azərbaycan tarixi zəfərə imza atdı. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə yüksək səviyyəli münasibətlərini, Qoşulmama Hərəkatının fəal üzvü, sədri olaraq atdığı addımları və gördüyü işləri qeyd edə bilərik. Eyni zamanda qeyd etmək istəyirəm ki, bizim Avropa İttifaqı, Avropa Şurası, AŞ PA, BMT və digər qurumlarla münasibətlərimiz, nəticə etibarilə tarixi qələbəmizin əldə edilməsində öz rolunu oynadı. Dünya birliyi də Azərbaycanın bu tarixi qələbəsini, tarixi reallıqları qəbul edir. Doğrudan da Azərbaycan Prezidenti cənab İlham Əliyevin həm ikitərəfli, həm çoxtərəfli formatda gördüyü işlər tarixi zəfərimizin əldə edilməsində özünün müstəsna rolunu oynayıb.