72 illik silahı divanın içərisində saxladı, cərimə edildi

Tarix :
72 illik silahı divanın içərisində saxladı, cərimə edildi

Qəbələ rayonu, Nic qəsəbəsində babasına məxsus 72 illik silahı gizlədən şəxs 80 manat cərimə edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1995-ci ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş Nicat (şərti) barəsində evində müvafiq icra hakimiyyəti orqanında xüsusi icazə almadan 16 kalibirli, tək lülə, 22605 nömrəli, 1951-ci il istehsalı olan yivsiz lüləli ov silahı əldə edərək saxlamasına görə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.


Məhkəmədə ifadə verən Nicat bildirib ki, icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxladığı silah mərhum babasına məxsusdur. 1951-ci ildən babasının silaha aid heç bir sənədi olmayıb. Babası rəhmətə getdikdən sonra atasına, atasının ölümündən sonra isə silah ona qalıb. Həmin silaha aid heç bir sənədi yoxdur. Ov tüfəngindən istifadə etmədiyindən sənədləşdirməyib. Hansı sənədləşdirmə işlərinin zəruri olması barədə də məlumatı olmayıb. Babasından qaldığı üçün silahı istifadə etməyib və ya kiməsə verməyib, yaşadığı evdə divanın içərisində saxlayıb. Qeyd edib ki, silah illərdir eyni yerdə saxlanılır.

Məhkəmənin qərarı ilə Nicat İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 1951-ci il istehsalı olan yivsiz lüləli ov silahı müsadirə edilməklə, 80 manat məbləğdə cərimə edilib.