
Ermənistanda 2022-2023-cü tədris ilində 12 məktəbdə türk dili, 4-ündə isə Azərbaycan dili tədris edilib.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yayıb.
Azərbaycan və türk dillərini yalnız 10-12-ci sinif şagirdləri öyrənir.
2022-2023-cü tədris ilində 33 ümumi təhsil müəssisəsində regional dillərin tədrisi təşkil olunub, onlardan 13-də fars, 3-də gürcü, 12-də türk və 4-də Azərbaycan dili tədris olunmağa başlayıb. “Mxitar Heratsi” tədris kompleksində isə orta və ali məktəblərdə 4 dil də öyrənilir.
Daha 400 erməni məktəbi yaxın gələcəkdə regional dilləri (türk, Azərbaycan, gürcü və İran) öyrənmək istəklərini bildiriblər. Bununla belə, idarə konkret dil seçən məktəblərin sayı barədə məlumat verməyib.
