
Polşada "Zaqlemba"da çıxış edən rusiyalı hokkeyçi Maksim Sergeyev casusluq ittihamı ilə saxlanılıb.
Match TV xəbər verir ki, bu barədə Sergeyevin adının çəkilməsini istəməyən komanda yoldaşı məlumat yayıb.
O bildirib: “Mən indi orada deyiləm, dəqiq nə baş verdiyini söyləmək çətindir. Onun həqiqətən də saxlanıldığı barədə məlumatlar var".
Müsahibin sözlərinə görə, hokkeyçi bir neçə gün əvvəl saxlanılıb, lakin bu barədə rəsmi məlumat yalnız bu gün verilib.
M. Sergeyevin 20 yaşı var, o, 2021-ci ilin oktyabrından Polşada yaşayır. Sergeev Moskva vilayətinin Reutov şəhərindəndir.
Polşa Ədliyyə Nazirliyi bu gün səhər saatlarında rusiyalı hokkeyçinin həbs olunduğunu elan edərək, onun bu işdə 14-cü şübhəli olduğunu bildirib. İstintaq hesab edir ki, o, Rusiyanın maraqları naminə tapşırıqları yerinə yetirən casus şəbəkəsinin bir hissəsi olub. Məhkəmə saxlanılan şəxsin həbsinə qərar verib.