Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Göyçayda ərə verilən 14 yaşlı qızın ANASI: - “Hamınız barədə ölçü götürəcəm”

Tarix :
Göyçayda ərə verilən 14 yaşlı qızın ANASI: - “Hamınız barədə ölçü götürəcəm”

Göyçayda 14 yaşlı qızın ərə verildiyi və sabah toyu olacağı açıqlanıb. Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bu barədə məlumat verib. Dediyinə görə Çərəkə kənd sakini olan azyaşlı Ağsu kənd sakininə nişanlanıb.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Çərəkə kənd ərazi nümayəndəsi Tehran Adıgözəlov məlumatı təsdiqləyib və ərazi üzrə hüquq mühafizə orqanlarını bu barədə məlumatlandırdığını qeyd edib. Onun sözlərinə görə yeniyetmə əslində 10-ci sinifdə təhsil almalıdır, ailəsi isə qızı məktəbdən çıxarıb. Həmçinin qızın nişanlandığı oğlanın Bakıda yaşadığını deyib.

Ərə verildiyi deyilən qızın anası Günəş Əzizova isə məlumatı inkar edib. Qızı barəsində yayılanlardan qəzəblənən ana, məlumatı ilk yayan barədə polisə şikayət edəcəyini də bildirib:

“Mən qanunları çox gözəl bilirəm. Başımı itirməmişəm ki, 14 yaşında qızımı ərə verib. Üstəlik qızımın 14 deyil, 15 yaşı var və 10-cu sinifdə oxuyur. Məktəbdən də çıxarmamışam, təhsilini davam etdirir. Nişanlamamışam da... Qızımın adına söz çıxarmayın. Hamınız barədə ölçü götürəcəm. Kimsə yalan informasiya yaymasın”, - deyə əlavə edib.

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məsələnin nəzarətə götürüldüyünü bildirib. Hazırda rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.