Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Yəhudi əsilli müğənni şəhidlərimizə həsr olunmuş klip çəkdirdi - VİDEO

Tarix :
Yəhudi əsilli müğənni şəhidlərimizə həsr olunmuş klip çəkdirdi - VİDEO

ABŞ-da yaşayan yəhudi əsilli müğənni Zaur Bədəlov Zəfər Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinə həsr olunmuş mahnısına klip çəkdirib.
 
Bu barədə Pravda.az-a müsahibə verən müğənni bildirib ki, klip artıq hazırdır, noyabrın 8-dək təqdim olunması planlaşdırılır.
 
O mahnını necə ərsəyə gətirdiyi barədə də məlumat verib: “2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayanda Azərbaycanda nələr yaşandığını “Youtube”da gördüm. Nə qədər gənc oğlanlarımız Vətəninin, torpağının müdafiəsi uğrunda həlak oldular. Şəhid analarının övladları üçün necə göz yaşı tökdüklərini görəndə ürəyim qan oldu. Bir kadr rastıma çıxdı, şəhid anası oğlunun məzarı başında tək, ah-nalə edirdi. Bununla bağlı mahnı yazmaq istədim. Müəllimim, böyük qardaşım, nəğməkar şair İsmayıl Dadaşova zəng etdim, şəhidlərimizə, analarımıza həsr olunmuş mahnı hazırlamaq istədiyimi bildirdim. O, bunun həssas mövzu olduğunu dedi. Amma ölkəmdə baş verənlərin bir hissəsi olmaq istədiyim üçün bu mahnını yazmaqda qərarlı olduğumu dedim. Mən də Qələbənin bir parçası olmaq istəyirdim. İsmayıl Dadaşov razılaşdı. Təxminən, iki həftə sonra İsmayıl müəllim mahnının sözlərini mənə göndərdi. Azərbaycan dilində 27 il əvvəlki kimi danışmıram, amma oxuya bilirəm. Mahnının sözlərini oxuyanda bədənimdən titrəmə keçdi. Anama da oxudum, ağladı. Başa düşdüm ki, anam belə reaksiya verirsə, deməli, bu mahnını ərsəyə gətirmək lazımdır. Həmişə anama, onun ürəyinə həssas yanaşıram. Mahnı üzərində işləməyə başladım. Müharibədə qalib gələndən sonra Bakıya qayıdıb, klip çəkdirmək qərarına gəldim. İlk klipimi 1990-cı ildə çəkmişdim. 32 il sonra yenidən çəkdirmək qərarına gəldim. Həmin mahnı məhəbbətdən bəhs edirdi, amma bu mahnıda çox kədər var. Mahnının adı “Ağlama, ana”dır. Aranjımanı Yaşar Baxışa aiddir.  Klipin ssenarisini özüm yazmışam. Yeri gəlmişkən, müğənniliklə yanaşı, ssenarist, həm də rejissoram. Klipin çəkiliş qrupunu toplamaqda Akademik Musiqili Teatrının baş rejissoru Cavid İmamverdiyev mənə kömək etdi. Bunun üçün ona çox minnətdaram. Klipin çəkilişləri bitib. İstəyirəm ki, bu klip 8 Noyabr - Zəfər Gününədək xalqa təqdim olunsun. İnsanlarımız mahnı ilə tanış olsunlar. Onda sevinəcəyəm ki, mənim, İsmayıl Dadaşovun, Yaşar Baxışın əməyi hədər getməyib. Övladlarını itirmiş analara belə bir mahnı bəxş etmək üçün çox zəhmət çəkdik. Ümid edirəm, hər kəs bəyənər”.
 
Əvvəllər Azərbaycanda yaşayan Zaur Bədəlov ABŞ-a köçəməsinin səbəblərini də açıqlayıb.
 
“1970-ci ildə Bakıda anadan olmuşam. Orta məktəbi bitirib, Milli Konservatoriyaya daxil oldum. Sonra ailəm viza aldı və valideynlərim ayrılmaq qərarına gəldilər. Bu, mənim planlarımda yox idi. 1990-cı ildə klip çəkdirdiyim mahnının musiqisi Eldar Mansurova, sözləri İsmayıl Dadaşova məxsus idi. Həmin klip Azərbaycanda ilk ssenarili klip idi. Hər şey yaxşı gedirdi – televiziya çıxışları, radio verilişləri, konsertlər… Amma həyat öz sözünü deyir. Anan qardaşınla gedirsə, sən nə edə bilərsən? Getməsən, düzgün deyil. 2 il ABŞ-da yaşayıb, vətəndaşlıq aldıqdan sonra Bakıya qayıtmaq ümidi ilə ölkədən getməli oldum. Belə də oldu. 1995-ci ildə Amerikaya getdim. Lakin 2004-cü ildən musiqi fəaliyyətimi yarıda qoydum. Orada ailəmi bununla dolandıra bilməzdim. Beləliklə, nəhəng bir şirkətdə menecer kimi işləməyə başladım. Bakıda müəllimim “Qaya” vokal qrupunun solisti Rauf Babayev idi. Mən də “Qaya” tələbəsi idim. Rauf müəllim mənə çox kömək etdi. Tofiq Babayev, İsmayıl Dadaşov, Eldar Mansurov, Yaqub Dadaşov, İlham Abdullayev, İdris Zeynalov kimi istedadlarla işləmişəm. Şanslıyam ki, həyatımda xeyirxah, yaxşı və istedadlı insanlar çox olub, mənim musiqi biliyimin inkişafına, səhnədə özümü necə aparmaq lazım olduğunu öyrədiblər. Onlar köhnə komandadır, hər şeyə fikir verən insanlardır. Allaha şükür edirəm ki, bu insanlarla məni qarşılaşdırıb. Məşhur “Aşıqlar” qrupunun tanınmış aranjımançısı Nazim Əhmədov, bəstəkar Yaşar Baxışla da işləmişəm. Yaşar Baxışla ilk layihəmi 1990-cı illərdə həyata keçirdim. Onun bəstələdiyi mahnılarla ilk konsert verən, albom çıxaran müğənni mən oldum. İlk dəfə məni səhnəyə Əməkdar artist Qorxmaz Əlilicanzadə gətirib. 90-cı illərdə onun “Şou Əlili” adlı estrada proqramı var idi, səhnəyə gənc, istedadlı oğlanları çıxarırdı. Həmin proqram bütün Azərbaycanda tanınırdı. Bu, mənim həyatımda çox ciddi bir mərhələ idi. Qorxmaz müəllimə də minnətdarlığımı bildirirəm”.