
Bu ilin yanvar-aprel aylarında Türkiyənin ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3% azalaraq 80 milyard 869 milyon dollara, idxal isə 7,1% artaraq 124 milyard 313 milyon dollara çatıb.
Türkiyə Statistika İdarəsindən verilən məlumat bildirir ki, ölkənin xarici ticarət dövriyyəsində mənfi saldo 43,4 milyard dollar olub.
Yanvar-aprel aylarında ixracatda birinci yeri Almaniya tutub. Almaniyaya ixracat 7 milyard 115 milyon dollar olub. Növbəti sıralarda 4 milyard 751 milyon dollarla ABŞ, 4 milyard 177 milyon dollarla İtaliya, 3 milyard 943 milyon dollarla Rusiya və 3 milyard 878 milyon dollarla Böyük Britaniya yer alıb. İlk 5 ölkəyə ixrac ümumi ixracın 29,5%-ni təşkil edib.
Yanvar-aprel aylarında Rusiya idxalda birinci yeri tutub. Rusiyadan idxal 17 milyard 253 milyon dollar olub. Növbəti yerlərdə 14 milyard 136 milyon dollarla Çin, 9 milyard 482 milyon dollarla İsveçrə, 8 milyard 757 milyon dollarla Almaniya, 4 milyard 821 milyon dollarla ABŞ qərarlaşıb. İlk 5 ölkədən idxal ümumi idxalın 43,8%-ni təşkil edib.
