
Qızına görə həyat yoldaşı ilə "WhatsApp"da mübahisə edib, qayınatası və qayınanasını təhqir edən kişi cərimələnib.
1984-cü il təvəllüdlü Qobustan rayon sakini həyat yoldaşı tərəfindən şikayət olunduğuna görə məhkəmə barəsində qərar verib.
Belə ki, Xalidin (şərti) həyat yoldaşı yaşadığı Qobustan rayonunun Xilmilli kəndindəki evindən valideynlərinin yaşadığı Sumqayıt şəhərinə gedib. Həmin günün səhərisi "WhatsApp"da həyat yoldaşı ilə söhbət edən zaman qızına kobud şəkildə telefonu söndürməsini deyib. Xalid bu səbəbdən qayınatasının evində olan həyat yoldaşı Aygünlə mübahisə edib. Bu zaman Xalid həyat yoldaşını, qayınatası Fikrəti və qayınanası Firəngizi söyərək, təhqir edib.
Aygün bundan əsəbləşərək polisə şikayət edib. Xalid barəsində protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Xalid İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, 100 manat cərimə edilib.
