Sabah muzeylərə giriş pulsuz olacaq

Tarix :
Sabah muzeylərə giriş pulsuz olacaq

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar insanların asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü elan olunub.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bununla da, vətəndaşlar və ölkəmizin qonaqları 18 may tarixində ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və əsas məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər, Dayanıqlılıq və Rifah” mövzusuna həsr olunub.