Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

DTX-nin saxladığı iddia edilən nazirin birinci müavini işə çıxdı? - YENİLƏNDİ

Tarix :
DTX-nin saxladığı iddia edilən nazirin birinci müavini işə çıxdı? - YENİLƏNDİ

Bir sıra yerli KİV-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində noyabrın 1-də keçirdiyi əməliyyat zamanı istintaqa cəlb olunan nazirin birinci müavini Elnur Əliyev işə çıxması ilə bağlı iddialar yayılıb.
 
Trend xəbər verir ki, Elnur Əliyevin işə çıxması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Elnur Əliyev DTX keçirdiyi əməliyyat zamanı istintaqa cəlb olunub.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Protokol Şöbəsinin rəisi Kamil Rzayev, Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov və digər vəzifəli şəxslər də istintaqa cəlb olunublar.
Dünən isə Səbail rayon Məhkəməsində Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
***
Xəbər verdiyimiz kimi, noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.
Bu barədə rəsmi açıqlama hələlik olmasa da, əksər media orqanlarında yayılan xəbərlərdə əməliyyat nəticəsində bir neçə yüksək vəzifəli məmurun, o cümlədən, nazirin birinci müavini Elnur Əliyevin də saxlanıldığı bildirilirdi. Həmin əməliyyatda saxlanılan Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov barəsində ötən gün artıq həbs qətimkan tədbiri seçilib. 
Bu gün isə Oxu.az saytında nazirin birinci müavini E. Əliyevin iş başında olması haqda xəbər yayımlanıb.
Qafqazinfo məlumatı dəqiqləşdirmək üçün Mədəniyyət Nazirliyinin mətbuat katibi Nuridə Allahyarova ilə əlaqə saxlayıb. Nazirlik sözçüsü “Qafqazinfo”nun sorğusuna cavab olaraq nazir müavininin iş başında olduğunu nə təsdiq, nə təkzib edə bilib: “Nazir müavini niyə işdə olmamalıdır ki?! Bir dövlət qurumunun digər dövlət qurumunda qanunvericilik və səlahiyyətləri çərçivəsində əməliyyat aparmağa hüquqi ixtiyarı var. Burada qeyri-adi heç nə yoxdur. Bununla bağlı heç bir rəsmi açıqlama verilməyibsə, nazir müavininin işdə olmamasına da bir səbəb görmürəm. İşinin başında olmalı hər kəs işinin başındadır”.
Faktla bağlı istintaq davam etdirilir. 
Xatırladaq ki, 1979-cu il təvəllüdlü E.Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri vəzifəsini icra edib.
Saxlanılma xəbərləri ilə yanaşı, nazir müavininin şəxsi həyatı ilə bağlı da yerli mediada bəzi qalmaqallı məlumatlar yayılıb. 
***
Noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyatla saxladığı bildirilən nazirin birinci müavini Elnur Əli oğlu Əliyev işinin başındadır.
Oxu.az xəbər verir ki, nazir müavini hazırda vəzifəsini icra edir.
Nazirliyin elə həmin gün saxlanılan Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov barəsində isə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.