
İnternetdə iPhone 15 Pro-nun yeni CAD render fotoları ortaya çıxıb.
Xarici KİV bildirir ki, bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple bu il iPhone 15 Pro modellərində səsin tənzimlənməsi üçün nəzərdə tutulmuş fiziki düymələri sensorlu analoqlar ilə əvəz edəcək. Ortaya çıxmış yeni CAD render fotolarda isə görmək olar ki, şirkət bu ideyadan imtina edib. Beləliklə iPhone 15 Pro smartfonları səsin tənzimlənməsi üçün ənənəvi fiziki düymələri əldə edəcəklər. Lakin fiziki düymələr məsələsində sözügedən smartfonlarda bir dəyişiklik olacaq.
Söhbət, iPhone-larda olan səssiz rejimə keçid düyməsindən gedir. İndiyənə kimi olmuş bütün iPhone modellərində smartfonların səssiz rejimə keçid düyməsi sürüşdürmə mexanizminə sahib olub. Yəni istifadəçi öz smartfonunu səssiz rejimə keçirtmək və ya səssiz rejimdən çıxarmaq istədikdə həmin düyməni sola və ya sağa sürüşdürməli olur. Lakin iPhone 15 Pro modellərində həmin düymə ənənəvi düymə mexanizminə sahib olacaq. Yəni onu sürüşdürməyə ehtiyac qalmayacaq. İstifadəçi smartfonu səssiz rejimə keçirtmək və ya səssiz rejimdən çıxarmaq üçün sadəcə olaraq müvafiq düyməyə klikləməli olacaq.




