
Amerikalı milyarder Peter Thiel-ə məxsus olan Palantir adlı şirkət eyniadlı süni zəka platformasını təqdim edib.
Xarici KİV xəbər verir ki, sözügedən platforma GPT-4 və ya onun alternativlərinə bənzəyən böyük dil modellərinin özəl şəbəkədə işə salınması üçün nəzərdə tutulub. Palantir hərbçilərin onu müharibə şəraitində necə istifadə edə biləcəklərini sərgiləyib. Təqdim edilmiş videoda operator kəşfiyyat xarakterli dronların işə salınması, bir neçə hücum planının tərtib edilməsi və düşmənin kommunikasiya imkanlarının aradan qaldırılması strategiyalarının təşkili üçün ChatGPT tərzində olan çat-botdan istifadə edir.
Operator çat-botdan düşmən texnikasının qruplaşması barəsində ətraflı məlumatı təqdim etməyi və düşməndə hansı hərbi texnikanın ola biləcəyini proqnozlaşdırmasını istəyir. Bu məlumatları əldə edəndən sonra operator sistemdən daha keyfiyyətli fotoların əldə edilməsini istəyir. Sistem isə öz növbəsində kəşfiyyat xarakterli Reaper MQ-9 adlı dronu işə salır. Növbəti mərhələdə operator sistemdən hansı mümkün əməliyyat variantlarının olduğunu soruşur. Süni zəka əsaslı çat-bot tankın F-16, uzaq mənzilli artilleriya və ya Javelin raketi vasitəsilə məhv edilməsini təklif edir.
