Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Azərbaycanda TikTok qadağan olunmalıdır - Ekspert

Tarix :
Azərbaycanda TikTok qadağan olunmalıdır - Ekspert

TikTok sosial şəbəkəsi artıq bir neçə ölkədə qadağan edilib. Əksər ölkələr bu addımı təhlükəsizlik səbəbilə atdığını bildirir. 
TikTok-un Çinə məxsus olması da bu məsələdə mühüm rol oynayır. Azərbaycanda isə əsas narazılıq daha çox bu sosial şəbəkədə bayağı, etik çərçivələri aşan paylaşımların üstünlük təşkil etməsidir.
Bu baxımdan Azərbaycanda da TikTok-a hansısa qadağalar tətbiq oluna bilərmi?
Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz TikTok-a qadağaların faydalı olmayacağını hesab edir.
Onun sözlərinə görə, bəzi ölkələrin TikTokla bağlı problemləri artıq xeyli ciddiləşib: 
"Burada söhbət əsasən, vətəndaş, uşaq və yeniyetmələrin məlumatlarından gedir. Həmin məlumatların Çinə aid olan şirkət tərəfindən əldə olunması və Çinlə əlaqəli qurumlara ötürülməsi ittihamı ilə bu cür məhdudlaşdırılma baş verir. Biz bu cür hallarla qarşılaşmışıq. Amma bir qədər fərqli yanaşmaq daha doğru olar. Həmin şirkətlə əməkdaşlıq, onların məlumat bazalarının ölkə daxilində yerləşdirilməsi, uşaqların təhlüksəziliyi üçün əlavə tədbirlərin görülməsi və s. təklif oluna bilər. Məhdudlaşdırmanın faydalı olacağını düşünmürəm. İndi internet texnologiyaları o dərəcədə inkişaf edir ki, məhdudlaşdırımaların özü aqressivlik yaradır”.
O.Gündüz deyib ki, bu platforma Azərbaycanda uşaqlar və yeniyetmələr üçün məhdudlaşdırılmalıdır. Bu istiqamətdə müxtəlif qurumların məsələyə müdaxiləsi vacibdir: 
“Azərbaycan hökuməti bir dəfə müharibə vaxtı çox doğru olaraq qeyri-qanuni informasiyanın yayılmasının qarşısını almaq üçün sosial şəbəkələri məhdudlaşdırdı. Amma müharibə bitdikdən sonra məhduddiyyət aradan götürülüb. Bu platforma bizim ölkəmizdə sərbəstdir. Amma burada Azərbaycanın qanunvericiliyinə zidd olan informasiyalar var. Xüsusən bizdə evlərdə uşaqların texnologiyadan istifadəsi valideynlərin istifadəsindən daha üstündür. Bu da valideynlərin təhlükəsizlik tədbiri görməsi baxımından problem yaradır. Bunu təkcə valideyn və uşaq problem kimi qoymaq olmaz. Bu, cəmiyyətin problemidir. Bu platforma uşaqlar və yeniyetmələr üçün məhdudlaşdırılmalıdır. Hökumət, provayderlər, təhsil qurumları, ictimai təşkilatlar və media bu məsələdə maarifləndirici işlərin aparılmasına dəstək olmalıdır”. 
O.Gündüz sonda bildirib ki, cəmiyyətin yetkin təbəqəsi - biznes, mədəniyyət adamları və digər sahələrdən olan mütəxəssislər TikTok-dan faydalanmağın üsullarını düşünsələr, daha yaxşı olar: 
"Bu şəbəkə pulsuz şəkildə istifadəyə açıq olan və nəhəng audiotoriyaya malik platformadır. Azərbaycanda 1 neçə milyona yaxın, dünyada isə milyardlarla istifadəçisi var. Bizim gənclər, biznes qurumları buradan xidmət almaq, pul qazanmaq haqqında düşünməldirlər. Gənclər bundan istifadə edib özlərini təsdiq edə bilərlər. Reklama 100 min xərcləməyə ehtiyac yoxdur”.