Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bu gün Beynəlxalq Teatr Günüdür

Tarix :
Bu gün Beynəlxalq Teatr Günüdür

Bu gün Beynəlxalq Teatr Günüdür. Hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur. 
Əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilən qərara əsasən müəyyən edilib. Hər il Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər.
Bu ənənənin əsasını qoyan və ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibəti ilə mesaj göndərən fransalı yazıçı Jan Kokto (1962-ci il) olub.
Yaranmasının 150-ci ildönümü qeyd edilən Azərbaycan teatrı çox qədim və zəngin tarixə malikdir.
XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr maarifçilik hərəkatının inkişafına güclü təkan verib.
Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynamışdı.
Görkəmli maarifçi Həsən bəy Zərdabi və yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda  M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyulmuşdur.
Bu gün ölkəmizdə 30-a yaxın dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 1000-ə yaxın aktyor çalışır.
Ölkə rəhbərliyi bütün sahələrdə olduğu kimi, teatr sənətinin də inkişafına xüsusi diqqət yetirir.
Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı uğurla həyata keçirilir. On illik bir dövrü əhatə edən proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Musiqili, Mingəçevir, Şuşa, İrəvan, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb.
Ötən illər ərzində teatrlarımız ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, Başqırdıstan, İsveçrə, Moldova və Serbiyada keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil ediblər.
Azərbaycan teatrını qarşıda yeni uğurlar gözləyir. Əminliklə demək olar ki, teatrlarımız biri-birindən maraqlı səhnə əsərləri ilə daha böyük tamaşaçı auditoriyası toplayacaq və milli mədəniyyətimizin inkişafına yeni töhfələr verəcəklər.
Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib.