Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Lukaşenkonun Bakı və İrəvana çağırışı: Belarus lideri nə demək istəyir?

Tarix :
Lukaşenkonun Bakı və İrəvana çağırışı: Belarus lideri nə demək istəyir?

Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-nin növbədənkənar iclasında üzv ölkələr qarşısında iki məsələ qaldırıb. Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko iclasda çıxışı zamanı deyib.
 
"Siz bizim qarşımızda iki məsələ qoymusunuz. Birincisi, "baş verənlərə qiymət verilməsi və KTMT-nin mövqeyi”. Siz bizdən mövqeyimizi müəyyən etməyi tələb etmisiniz. Məgər bizim mövqeyimizi bilmirisniz? Biz istəyirik ki, qonşu dövlətlər arasında münaqişə dinc yolla həll olunsun”, deyə Lukaşenko bildirib.

"İkinci məsələ, "Ermənistanın ərazi bütövlüyünün bərpa olunması üçün "yol xəritəsi” verin”. Hansı "yol xəritəsi"? Bu barədə sizə dərhal cavab verirəm: "Gedin oturun İlham Əliyevlə… Əgər lazımdırsa, Rusiya prezidentnə müraciət edin və qərar qəbul edin. Bu gün qərar qəbul etməsəniz pis olacaq. Siz bunu yəqin başa düşürsünüz. Bizə bu münaqişə lazım deyil”, deyə Lukaşenko bildirib.

Qeyd edək ki, Belarusla Azərbaycan bir-birinə dost ölkədir. Hətta 44 günlük müharibədə Lukaşenko KTMT-nin üzvü olmasına baxmayaraq, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən mövqe sərgiləyib. KTMT-dəki çıxışlarında da Lukaşenko dəfələrlə Bakını dəstəkləyən fikirlər səsləndirib. Azərbaycan özü bir neçə dəfə iqtisadi durumu ağır olan Belarusa kreditlər verib. Bir sözlə, Belarus KTMT-də İrəvanın narazı qaldığı dövlətlərdəndir. Bu mənada Lukaşenkonun tərəfləri yekdil fikrə nail olmağa çağırması da barışığa hesablanmış addımdır. Lakin Lukaşenkonun çıxışının son hissəsi sanki Kremlin maraqlarına cavab verən bir açıqlamadır. Belə ki, sülhə gedən yol xəritəsindən danışarkən, "İlham Əliyevlə oturun, lazım gəlsə, Rusiya Prezidentindən xahiş edin, qərar verin. Bu gün qərar verməsəniz, daha pis olacaq” açıqlaması əslində tərəfləri Qərbin vasitəçilik missiyasından əl çəkərək, Kremlin təklif etdiyi variantla işləməyə səsləməsidir. 


Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən konfliktoloq Üzeyir Şəfiyevin fikrincə, Lukaşenkonun bu açıqlaması Putinin bir qədər əvvəl Valday konfransında proseslə bağlı səsləndirdiyi fikirləri dəstəklədiyinə işarədir:


 
"Putin bu yaxınlarda İrəvana səslənərək bildirdi ki, onlar Qarabağ üzərində Azərbaycanın suverenliyini qəbul edən Vaşinqton variantına üstünlük verəcəklərsə, buyursunlar. Bununla əslində, Putin Paşinyana işarə vurub ki, Vaşinqton variantına meyl etsə, cəzalana bilər. Sözügedən açıqlama ilə Rusiya Prezidenti tərəflərə Vaşinqton variantını seçməyin yaxşı olmayacağı mesajını göndərmiş oldu. 

Əslində, belə bir mesaj Rusiyanın Azərbaycanla imzaladığı müttəfiqlik müqaviləsinin aurasına da uyğun deyil. Rusiya Qarabağ üzərindəki mövqeyini əbədiyaşar etmək istəyir. Bu isə yolverilməzdir. Lukaşenko da KTMT tədbirində dediyi fikirlərlə əslində Putinin açıqlamasına dəstək verdiyini bildirir. Lukaşenko həmin fikirləri səsləndirməklə tərəfləri Putinə qulaq asmağa çağırıb. Sadəcə o, Putinin dediyini tərəflərə, xüsusən də Ermənistana bir qədər mülayim formada deyib”.